Alma vergülvari çanaqlı yastıcası

Meyvə bağları ilə zəngin olan Quba-Xaçmaz zonasında bu zərərverici geniş yayılmışdır. Yalnız tropik dövlətlər istisna olmaqla alma vergülvari çanaqlı yastıcası dünyanın hər yerində mədəni bitkilərlə yayılmışdır. Keçmiş SSRİ-də də geniş yayılmışdır. Azərbaycanın, demək olar ki, hər yerində bu zərərvericiyə təsadüf edilir. Quba-Xaçmaz zonasında daha geniş yayılmışdır.

Çox geniş yayılmasına və olduqca böyük zərər vurmasına baxmayaraq Azərbaycanda bu zərərverici öyrənilməmişdir. Lənkəran zonasında bu zərərvericinin yayılması və bəzi bioekoloji xüsusiyyətləri haqqında İmamquliyev A.Q., Şərqi Zaqafqaziyada isə geniş yayılması haqqında L.M.Rzayeva məlumat vermişdir. Bu qorxulu zərərvericinin Quba-Xaçmaz zonasında yayılması, bioekoloji xüsusiyyətləri və yerli aborigen faunadan olan parazit və yırtıcı entomofaqları ilk dəfə olaraq tədqiq olunmuşdur.     

        Geniş polifaqdır, 30-a qədər fəsilədən olan ağac və kol bitkilərinin gövdə, budaq və zoğları üzərində yaşayır, bəzən  isə yarpaq və meyvələr üzərində təsadüf olunur. Quba-Xaçmaz bölgəsində demək olar ki, əksər meyvə ağaclarının və park-dekorativ bitkilərin qorxulu zərərvericisidir. Bəzi ağacların gövdə və budaqlarını bütovlüklə örtür. Meyvə ağaclarından xüsusən almaya daha çox zərər vurur. Bu bölgədə bütün gövdə, budaqları tamamilə bu çanaqlı yastıca ilə yoluxmuş qovaq,  söyüd ağaclarına da çox təsadüf olunur.

Bu zərərverici ilə yoluxmuş bitkinin böyümə prosesi zəifləyir, yarpaqlar saralıb-solur, vaxtından əvvəl tökülür. Güclü yoluxmada daha böyük zərər vurur, hətta bitkinin tamamilə qurumasına səbəb olur.

        Dişi fərdlərin çanağı uzunsovdur, arxaya tərəf genişlənir, bir qədər əyilərək vergülvari forma alır. Qəhvəyi rəngli möhkəm çanağa malikdir, uzunluğu 2,5-3,5mm-dir. Çanaq sekretor hissədən və 2 sürfə çanaqcığından ibarətdir. Çanağın daxilində südlü ağ rəngli bədən yerləşir ki, bunun arxa tərəfi qonur rənglidir. Yetkin erkəklərin çanağı da forma və rənginə görə dişilərin çanağına bənzəyir, lakin daha kiçik ölçüdədir.

Bu çanaqlı yastıcanın 2 forması təbiətdə mövcuddur: partogenetik yolla çoxalan çanaqlı yastıca və ikicinsli yolla çoxalan çanaqlı yastıca forması. Keçmiş SSRİ məkanında hər iki formaya təsadüf olunur.

Tədqiqatlar nəticəsində Quba-Xaçmaz zonasında bu çanaqlı yastıcanın 2 cinsli formasına təsadüf olunmuşdur. Bu bölgədə alma vergülvari çanaqlı yastıcav yumurta mərhələsində qışlayır. Qış fəslində ölmüş dişi fərdlərin çanağı altında qışlayan yumurtaları aydın görmək olur. Qışlamış  yumurtalar ağ rəngli olur, uzunsovdur. Çanaqlı yastıcanın yumurtaqoyma qabiliyyəti bir çox mütəxəssislər tərəfindən öyrənilmişdir: müxtəlif yerlərdə müxtəlif bitkilər üzərində yumurtaların sayı dəyişkən olur: 30 ədəddən 145 ədədə qədər yumurta qeyd olunur.

Yazda temperatur artdıqca yumurtanın rəngi dəyişir, getdikcə tündləşir. Yumurtalardan «avara sürfələr» Xaçmazda mayın II – III, Qubada isə mayın III, iyunun I ongünlüyündə çıxırlar. Avara sürfələr açıq sarı rənglidir, yastı lövhə formasındadır. Onlar çox yaxşı inkişaf etmiş ətraflara və bığcığa malikdirlər. Bu sürfələr çox aktiv hərəkətlidirlər. Avara sürfələrin çıxışı 20-25 günə qədər çəkir. 1-2 günlük aktiv hərəkətdən sonra oturaq həyata keçirlər, bir daha onu tərk etmirlər. Avara sürfələr nazik qabıqlı budaqlara, cavan zoğlara daha böyük üstünlük verirlər. Bitkiyə yapışaraq qidalanmağa başlayan sürfələrin ətrafları və bığcıqları itir və bədən ağımtıl boz rəngli ilkin çanaqla örtülür. 20-25 günlük inkişafdan sonra ilk qabıqdəyişmə baş verir, II yaşlı sürfələr meydana çıxır. Çanaq get-gedə qalınlaşır, sarımtıl qəhvəyi çanağa çevrilir. Sonradan çanaq yavaş-yavaş qalınlaşır və qəhvəyi rəng alır, II yaşlı sürfələr 30-35 gün ərzində inkişaf edir. Xaçmaz rayonunda iyunun II yarısında, Qubada isə iyulun I ongünlüyündə  II yaşlı sürfələr əksəriyyət təşkil edir.

II yaşlı sürfələr inkişaf etdikcə cavan dişilər və erkək fərdlər fərqlənməyə başlayırlar. Bu fərq həm çanaqdaxili bədəndə, həm də çanağın ölçüsündə özünü biruzə verir. Dişilərdən fərqli olaraq, erkəklərdə ətraflar, çanaqlar formalaşır, çanaqları da dişilərin çanağına nisbətən balaca olur.

İnkişaf etmiş erkəklərin kütləvi uçuşu baş verir və bu təxminən 20-25 gün davam edir. Cavan dişilərlə cütləşdikdən sonra erkəklər məhv olur. Təxminən mayalandıqdan 20-30 gün sonra cavan dişilər yetkin dişilərə çevrilir.

Cavan dişilərin 1 aylıq inkişafı nəticəsində bədən çanaqda inkişaf edir. Bu müddətdə yastıcaların bədəni təxminən 1,5-2 dəfə, çanaqları isə 2-2,5 dəfə böyüyür. Xaçmazda avqustun II ongünlüyündə, Qubada isə avqustun sonu, sentyabrın əvvəllərində yetkin dişi fərdlər yaranır. Xaçmazda sentyabrın əvvəllərində, Qubada isə sentyabrın II yarısında yumurta qoyulur.

Alma vergülvari çanaqlı yastıcasının yumurtaları şaxtaya çox davamlıdır. Apardığımız hesablamalara görə alma vergülvari çanaqlı yastıcası alma ağacı üzərində max 92, min 48, orta hesabla isə 67  yumurta; söyüd üzərində isə max – 108, min – 63, orta hesabla isə  88  yumurta  qoyur.

Beləliklə, Azərbaycanın Quba-Xaçmaz zonasında alma vergülvari çanaqlı yastıcası öyrənilmişdir. Bu zonada zərərverici yumurta mərhələsində qışlayır,  ildə 1 nəsil verir. Zərərverici polifaqdır və geniş yayılmışdır.