Bənövşəyi çanaqlı yastıca

Bu zərərverici dünyanın bir çox yerində – Qərbi Avropada, Şimali Afrikada, Kiçik Asiyada, Şimali və Cənubi Amerikada, Avstraliyada yayılmışdır. Keçmiş SSRİ məkanında əsasən Krım, Krasnodar vilayətlərində, Qafqaz   və Orta Asiya respublikalarında yayılmışdır.

Polifaqdır,  əksər meyvə və giləmeyvələrə, o cümlədən dekorativ ağac və kollara zərər vurur. Azərbaycanda  meyvə ağaclarına, xüsusən alma, badam, armud, gavalı, göyəmə daha çox zərər vurur. Zərərvericinin vətəni çox güman ki, Palearktikanın Aralıq dənizi sahili zonasıdır. Bu zərərvericinin dişiləri və sürfələri yarpaqları, meyvələri, nazik zoğları, budaqların şirəsini sorur, meyvə, giləmeyvə, dekorativ, meşə və istixana bitkilərinə böyük zərər vurur. 40-a qədər fəsilədən olan bitkilərə zərər vurur. Alma, armud, gavalı və s. meyvələr üzərində qırmızı ləkələr yaradır. Güclü yoluxma zamanı bitkinin ümumi inkişafını zəiflədir, yarpaqların quruyub tökülməsinə, məhsuldarlığın kəskin surətdə aşağı düşməsinə,  məhsulun keyfiyyətinin azalmasına səbəb olur. Bu yastıca ilə yoluxmuş meyvə ağaclarının meyvəsinin üzərində qırmızı-bənövşəyi ləkələr yaranır. Bəzi hallarda yastıcaların koloniyası bitkinin üzərini tamamilə örtür, hətta qabıq belə görünmür.

Azərbaycanda bu zərərvericinin bioekologi xüsusiyyətləri qismən öyrənilmişdir. İmamquliyev A.T. Azərbaycanın Lənkəran zonasında bu zərərvericinin biologiyasını və bəzi yerli entomofaqlarını öyrənmişdir. Səfərov A.Y. (1966) zeytun ağaclarına böyük zərərvuran bu çanaqlı yastıcanı zeytunun əsas zərərvericisi kimi göstərmiş və onun bioekologi xüsusiyyətlərini Abşeronda öyrənmiş, ona qarşı bəzi kimyəvi preparatların təsirini müəyyənləşdirmişdir. L.M Rzayeva Şərqi  Zaqafqaziyada, o cümlədən  Azərbaycanın müxtəlif  bolgələrində bu novün  yayılması və onun entomofaqlarının rolu  haqqında məlumat verir.

Quba-Xaçmaz zonasında meyvəçiliyə çox böyük zərər vurduğunu nəzərə alaraq, Xaçmaz rayonunda və Abşeronda bu zərərvericinin bioekoloji xüsusiyyətləri öyrənilməmişdir. Quba-Xaçmaz zonasında bənövşəyi çanaqlı yastıca ilə yoluxma çox yüksəkdir, lakin yastıca ilə yoluxma dərəcəsi müxtəlifdir.

Xaçmazda və Abşeronda bu zərərvericinin mayalanmış dişi fərdləri qışlayır. Çanaqlı yastıcanın çanağı ovaldır, bəzən hətta dəyirmidir, ağdır bəzən bozumtul ağdır, sürfə çanaqcığı böyükdür, tünd yaşıl, qəhvəyi və yaxud qaradır. Dişinin çanaqdaxili bədəni bənövşəyi rənglidir. Bədən oval və yaxud geniş ovaldır, arxa döş ən geniş hissədir. Erkəklərin nimfal çanağı ağ rəngli olub, qara rəngli sürfə çanaqcığına malikdir. Yetkin erkək fərdlər 1 cüt qanada malikdir, ətraflara malikdirlər və sərbəst gəzirlər. 1-2 gün yaşadıqdan sonra məhv olurlar.

Bənövşəyi çanaqlı yastıcanın mayalanmış dişi fərdləri ağac və kol bitkilərinin gövdə və budaqlarında qışlayır. İqlim şəraitindən asılı olaraq, çanaqlı yastıcanın oyanması müxtəlif vaxtlarda baş verir. Martın II-III ongünlüyündə, aprelin əvvəllərində bu yastıcada oyanma baş verir. Gündəlik temperatur 10-120C-dən yüksək olduqda yastıcalar qidalanmağa başlayır və ölçüsü artır.  Mayın I- II  ongünlüyündə ilk yumurta qoyan dişilər yaranır. Yumurtalar ovaldır, açıq bənövşəyi rənglidir.Yumurta qoyma uzunmüddətli prosesdir, təxminən 30-40 gün çəkir. Yumurta qoyulandan sonra dişilər yığılır, büzüşür və məhv olur. Bənövşəyi çanaqlı yastıcanın yumurta qoyma qabiliyyəti müxtəlifdir. Müxtəlif yerlərdə müxtəlif bitkilər üzərində qoyulan yumurtaların sayı eyni olmur. Borxsenius N.Ş.-nin yazdığına görə,(13) dişi fərd 70-ə qədər yumurta qoyur. Bənövşəyi çanaqlı yastıcanın yumurta qoyma qabiliyyəti   qida bitkisindən və bitkinin orqanından asılı olaraq müxtəlif olur.

İmamquliyev müxtəlif bitkilər üzərində (xəzər qlediçiyası, göyrüş, alma, gavalı, yemişan) 1 dişi fərdin yumurta qoyma qabiliyyətini öyrənmiş və bunun 33-dən 96-a qədər olduğunu qeyd etmişdir. Badam, zeytun üzərində 100-ə qədər yumurta qoyduqu  müəyyənləşdirilmişdir. Yumurtalardan 6-7 gün sonra “avara sürfələr”  çıxır. Onlar çox həssas olurlar. May ayında bu zərərvericiyə qarşı kimyəvi insektisidlərlə mübarizə çox effekt verir, çünki zərərvericinin avara sürfələri kütləvi çıxır. Yumurtadan çıxan “avara sürfələr” bir müddət aktiv hərəkət edir və sərbəst gəzirlər. Zərərvericinin digər bitkilərə yoluxması da məhz bu dövrdə olur. Külək, yağış və müxtəlif nəqliyyat vasitələri ilə asan yayılırlar. “Avara sürfələr” sonradan öz xortumlarını bitkinin toxumalarına salır və ona yapışırlar. 1-1,5 gündən sonra sürfənin bədəni saplarla örtülür və ilk çanaq yaranır.Yumurtanın embrional inkişafı 6-7 gündür. İlk avara sürfələr mayın  II ongünlüyündə  çıxmağa başlayır. Avara sürfələrin kütləvi doğuluşu mayın    III ongünlüyünə iyunun 1 yarısına  təsadüf edir. Avara sürfələr yastı oval olur, bənövşəyi rəngli olub, aktiv hərəkət edir. Çox xırda ölçülü olduqları üçün yastıcanın yayılması bu dövrdə daha çox olur. Bu sürfələr əkin vasitəsilə, hava, su, külək və həşaratyeyən quşlarla yayılır. Avara sürfələr ətraflara, bığcığa malik olur, sərbəst hərəkət edirlər. Təxminən 3-4 saatlıq aktiv hərəkətdən sonra sürfələr öz xortumlarını bitkinin toxumasına salır, ona yapışır. Avara sürfələr bitkinin üzərində yayılır və ən yumşaq yerlərə yapışır. Bu sürfələr əsasən yarpaqların əsas damarı boyunca zoğlarda və meyvə yanlığında toplanır.

Çanaqlı yastıca bitkiyə yapışdıqdan sonra bədən yığılır, dəyirmi forma alır. Sürfələr sekretor mum maddə ifraz edir və bu maddədən havada saplar yaranır. Təxminən 1-1,5 gündən sonra sürfənin bədəni saplarla örtülür və ilk çanaq yaranır. Bu çanağın altında bədən aydın görünür.

18-20 günlük inkişafdan sonra I yaşlı sürfələr qabıq dəyişir və II yaşlı sürfələr yaranır. Bu dövrdə artıq erkək və dişi fərdlər həm çanaqları, həm də çanaqdaxili bədənləri ilə bir-birindən fərqlənirlər. Dişilər dəyirmi çanağa malik olur, erkəklərin çanağı isə uzunsov olur. Dişi fərdlərin çanaqdaxili bədəni açıq qırmızımtıl bənövşəyi rəngli, erkəklərin bədəni uzunsov olub, tünd qırmızımtıl bənövşəyi rəngli olur. II yaşlı sürfələr 20-25 günlük inkişafdan sonra artıq cavan fərdlərə çevrilir. II yaşlı dişi sürfələr cavan dişilərə, erkək sürfələr isə nimfalara çevrilir. Təxminən 45-50 günlük inkişafdan sonra erkəklər uçmağa başlayır və dişilərlə cütləşdikdən sonra məhv olurlar. Erkəklərin intensiv uçuşu 12-14 gün davam edir, əsasən səhər və axşam saatlarda uçurlar. Tək-tək fərdlərə 30-35 gün sonra da təsadüf edilir. Dişilərlə mayalandıqdan sonra 10-15 gün sonra artıq dişilər yumurta qoymağa başlayır. Deməli, I yaz nəslinin inkişafı 60-65 gün çəkir.

II nəslin yumurta qoyan dişiləri iyulun I və II dekadasında yaranır. İyul ayında kütləvi sürfə mərhələsi olur, bu dövrdə kimyəvi mübarizə effekt verə bilər, çünki çanaqlı yastıcanın sürfələri insektisidlərə qarşı çox həssas olurlar və kütləvi surətdə qırılırlar.  Kütləvi yumurtaqoyma  iyulun II – III ongünlüyündə  baş verir. 8-10 günlük embrional inkişafdan sonra sürfələr çıxır, kütləvi sürfə çıxışı təxminən 10-15 gün sonra baş verir. Qısa müddətli sərbəst həyatdan sonra sürfələr oturaq həyata keçir və I yaşlı sürfələrə çevrilir.  20 günlük inkişafdan sonra I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. Sentyabrın I-II dekadasında cavan dişilər yaranır və erkəklər uçur. Dişilərlə mayalandıqdan sonra erkəklər məhv olur. Mayalanmış dişi fərdlər qışlayır. Mayalanmadan sonra dişilər çanaqlarını xeyli böyüdürlər və qışlayırlar. Temperaturun aşağı olması nəticəsində çanağın böyümə surəti yaza nisbətən çox az olur.