Çanaqlı yastıcalar

Koksidlər (Homoptera; Coccinea, Diaspididae) çanaqlı yastıcaları, yalançı çanaqlı yastıcaları birləşdirir. Bu həşəratların bitkilərlə çox əlaqəli olması, xırda ölçülü olmaları, çanaqla əhatə olunmaları onların daha geniş yayılmalarına səbəb olur.

Çanaqlı yastıcalar meyvə ağaclarının və park – dekorativ bitkilərin çox qorxulu zərərvericiləridirlər. Xüsusilə bu zərərvericilər subtropik zonalarda və isti yerlərdə bitkilərin gövdə və budaqlarındə, yarpaqlarında və hətta meyvələrinin üzərində yayılaraq budaqların qurumasına və bitkilərin zəifləməsinə gətirib çıxarırlar. Çanaqlı yastıcalar bitkilərin yerüstü hissəsini zədələyir, xüsusilə cavan budaqları, yarpaqları yoluxdururlar. Bəzi həallarda çanaqlı yastıcalar bitkilərin gövdəsini bütöv koloniyalar şəklində örtür, olduqca böyük zərər vururlar. Çanaqlı yastıcalarla yoluxma nəticəsində budaqların böyüməsi və inkişafı zəifləyir, dayanır, yaşıl bitkilərin dekorativ gözəlliyi itir, əksər hallarda bitkilər quruyurlar. Çanaqlı yastıcalarla zədələnmiş meyvələrin üzərində çoxlu ləkələr yaranır, meyvələr büzüşür və onların dadı çox korlanır. Çanaqlı yastıcalar bitkilərin şirəsini və qidalı maddələri sorur, bitki toxumlarını məhv edir. Güclü yoluxmada bu zərərvericilər bitkilərin tamamilə məhvinə gətirib çıxarırlar. Polifaq olmaları, yüksək yumurta qoymaq qabiliyyəti və ekoloji plastik olmaları bu zərərvericilərin daha çox yayılmasına imkan verir. Çanaqlı yastıcaların əksəriyyəti polifaq və olifaqdırlar. Bəzi çanaqlı yastıcalar kosmopolitdirlər. Çanaqlı yastıcaların bütün dünyada 2000-ə qədər növü məlumdur ki, keçmiş SSRİ məkanında 100 növü məlumdur.

Koksidlər çox xırda ölçülü (0,5 mm-3mm), az hərəkətli və hərəkətsiz həşəratlar olub, aydın şəkildə cinsi demorfizmə malikdir. Dişi fərdlər, sürfələr və erkək fərdlərin pronimfalarının bədəni çanaqla örtülü olur. Çanaq bədənin üstünü ortür, lakin bədənə birləşmir.

Dişi fərdlər çanağın altında yerləşirlər, dairəvi, oval, yumurtavari, armud şəkilli və s. formada olurlar. Bunlarda bədən seqmentlərə ayrılmamışdır və ayrı-ayrı şöbələrə bölünməmişdir. Ağız apparatı yaxşı inkişaf etmişdir, ətraflar yoxdur.

Erkək fərdlərin bədəni uzunsov olur, rəngləri sarı, narıncı, qırmızımtıl, bənövşəyi olur. Uzun qanadlara malikdir, kopulyativ  aparat yaxşı inkişaf etmişdir. Erkəklərin çanağı adətən uzunsov olur.   I yaşlı sürfələrə “avara” sürfələr də deyilir, bədənləri yastı, oval formada olur. Gözlər sadədir, 3 cüt ətraf vardır. I yaşlı sürfələr bitkilərə yapışdıqdan sonra onlarda çanaqcıq yaranır və ətraflar itir. II yaşlı sürfələr – xarici görü-nüşcə dişi fərdlərə oxşayır, lakin dişi fərdlərdə cinsi orqanlar – yumurtaqoyan olduğu halda, bunlarda yoxdur.

Erkəklərin pronimfası uzunsov oval formadadır, bədənin baş , döş, qarın hissəsinə bölünməsi çox zəif hiss olunur. Gözlər, bığcıqlar və qanadlar çox az hiss olunur.  Erkəklərin nimfası – bədən aydın şəkildə baş , döş və qarın hissəyə bölün-müşdür. Gözlər, bığcıqlar, qanadlar və ətraflar yaxşı inkişaf etmişdir.

Dişi və erkək fərdlərin inkişaf tsiklləri fərqlidir. Dişi sürfələr 2 dəfə qabıq dəyişdikdən sonra yetkin dişi fərdlər yaranır. Erkəklərdə isə inkişaf dövründə pronimfa, nimfa mərhələləri olur və xarici görünüşcə bu həşəratlardakı puplara bənzəyir, lakin bunların inkişafı qeyri-tam çevrilmə yolu ilə baş verir. Çanaqlı yastıcalarda həm cinsi çoxalma, həm də partenogenetik  çoxalma mövcuddur. Dişi fərdlərin yumurta qoyma qabiliyyəti həm qida bitkisindən, həm də zərər vurduqları bitki orqanından asılıdır.

Çanaqlı yastıcaların nəsillərinin sayı müxtəlif olur: Əksər növlər ildə 1-2 nəsil verir, bəzi növlər ildə 3 nəsil verir. Kaliforniya çanaqlı yastıcası 3 tam, 1 fakultativ nəsil vermək qabiliyyətinə malikdir.

Çanaqlı yastıcalar həm yumurta, həm sürfə, zəm də yetkin halda qışlaya bilirlər. Alma vergülvarı çanaqlı yastıcası yumurta mərhələsində, Kaliforniya çanaqlı yastıcası I yaşlı sürfə mərhələsində, yalançı Kaliforniya çanaqlı yastıcası II yaşlı sürfə mərhələsində qışlayır. Oleandr çanaqlı yastıcasının  I, II yaşlı sürfələri, həm də dişi fərdləri qışlayır. Bənövşəyi çanaqlı yastıca və tut çanaqlı yastıcasının yetkin mayalanmış dişi fərdləri qışlayır

Zərərvericinin əksər növlərinin dişi fərdləri yumurta qoyurlar, lakin bəzi diri bala doğan çanaqlı yastıca növləri da vardır. Tut çanaqlı yastıcası, bənövşəyi çanaqlı yastıcası yumurta qoyurlar. Lakin Kaliforniya çanaqlı yastıcası və Qafqaz qovaq çanaqlı yastıcası diri bala doğan növlərdir .

Yalançı çanaqlı yastıcalar (Homoptera, Coccinea, Lecaniidae) da çanaqlı yastıcalar kimi ağac və kollara olduqca böyük zərər vurur. Bu zərərvericilər də bitkilərin gövdə, budaq və zoğları, bəzən isə yarpaqların üzərində geniş yayılır, onların şirəsi ilə qidalanırlar. Bu zərərvericilərə yoluxmuş bitkilər çox zəifləyir, hətta məhv olurlar.

Yalançı çanaqlı yastıcalar qeyri tam çevrilmə ilə inkişaf edir. Cinsi dimorfizm aydın görünür. Dişi fərdlər yumurta, sürfə mərhələsi (1-ci, 2-ci yaşlı sürfələr) və imaqo-yetkin fərddən ibarət inkişaf dövrü keçir. Erkək fərdlər isə mürəkkəb qeyri-tam çevrilmə yolu ilə inkişaf edir: yumurta, sürfə mərhələsi, 2 nimfal mərhələ və yetkin fərddən ibarət 4 mərhələdə inkişaf edir.

Yalançı çanaqlı yastıcalar 2 tribaya ayrılır – yalançı çanaqlı yastıcalar (Triba Coccini )və pulvinariyalar( Triba Pulvinariya).

Yalançı çanaqlı yastıcalar pulvinariyalardan onunla fərqlənir ki, onlar heç vaxt yumurta kisəsi yaratmırlar. Onlar öz yumurtalarını bədənlərinin altında qoyurlar, bədənin qarın hissəsi yuxarı qalxır və yumurtalar bədənin altında qoyulur. Yumurta qoyulduqdan sonra dişi fərdlər məhv olur. Məhv olmuş dişi fərdin bədəni yalançı çanaq kimi qoyulmuş yumurtaları onlardan sürfə çıxana qədər qoruyur, Pulvinariyalar isə yumurta qoymamışdan əvvəl yumurta kisəsi yaradır, bu kisə ifraz olunmuş mum saplardan yaranır.

Yalançı çanaqlı yastıcaların əksəriyyəti monosiklikdir, yəni yalnız bir nəsil verir. Yalançı çanaqlı yastıcalardan yalnız yumşaq yalançı çanaqlı yastıca (Coccus hesperidum L) ildə 2 nəsil verir, yəni polisiklik növdür. Akasiya yalançı çanaqlı yastıcası (Parthenolecanium corni Bouche) isə yem bitkisindən asılı olaraq, ildə ya 1 nəsil, yaxud 2 nəsil verə bilir. Bu yalançı çanaqlı yastıca akasiya ağacı üzərində ildə 2 nəsil verir,  digər bitkilər üzərində, məsələn gavalı üzərində ildə 1 nəsil verir.

Dişi fərdlərin yumurta qoyması orta hesabla 8-10 gündür. Yumurta qoyulduqdan sonra dişi fərdlər məhv olurlar. Yumurtaların inkişafı 20-30 gün davam edir. Lakin yalançı çanaqlı yastıcalardan gavalı yalançı çanaqlı yastıcası (Sphaerolecanium prunastri Fonsc.)  uzun müddət yaşayır (2,5-3 ay) və bu müddət ərzində yumurta qoyur. Bu yalançı çanaqlı yastıcanın yumurtalarında artıq tam formalaşmış sürfələr olur ki, yumurta qoyulandan bir neçə dəqiqə sonra sürfələr çıxır. Bu prosesə «diri bala doğma» da deyilir. Yalançı çanaqlı yastıca (Coccus hesperidum L.və sitrus yalançı çanaqlı yastıcası (Coccus pseudomagnoliarum ) da «diri bala doğmaqla» çoxalır. Yalançı çanaqlı yastıcalarda həm biseksual , yəni 2 cinsli, həm də partenogenetik çoxalma vardır.