Chilocorus bipustulatus

Xilokorlar –  Chilocorus bipustulatus  müxtəlif növdən olan çanaqlı yastıcalarla – oleandr, tut, bənövşəyi çanaqlı yastıca, Kaliforniya, Kaliforniya yalancı çanaqlı qidalanırlar. Xilokorlar, onların sürfələri çanaqlı yastıcaların sürfələri və yetkin fərdləri ilə qidalanırlar.

Yumurtalar narıncı rəngli olur, tək-tək və bəzən 2-3 ədəd qoyulur. Chilocorus bipustulatus-un yumurta mərhələsi 8-10 gün davam edir. Bunlar çanaqlı yastıcaların I, II yaşlı sürfələri, yetkin dişi fərdləri ilə qidalanır və böyüyürlər.3-4 günlük inkişafdan sonra I qabıqdəyişmə baş verir, sürfələr II yaş mərhələsinə keçir. Bu sürfələr sarımtıl rəngli olub, əvvəlkilərə nisbətən iridirlər. Təxminən 3-4 gündən sonra yenidən qabıqdəyişmə baş verir. Təxminən 6-8 gün sonra sürfələr sakit hala keçir, puponu mərhələ başlayır. 2-3 gündən sonra puplaşma baş verir. Pup mərhələsi  6-8 gün çəkir və yetkin fərdlər çıxır.

Xilokor sürfələri öz inkişafları müddətində 300-350 ədədə qədər yastıcanı məhv edir. Sürfə 3 dəfə qabıq dəyişir. Sürfə mərhələsi təxminən 12-14 gün davam edir. Sonradan sürfələr sakit hala keçir. Puplaşmadan əvvəl böcəklər hərəkətsizləşir və olduqları yerə yapışırlar.

Yetkin böcəklər 10-15 günlük inkişafdan sonra yenidən yumurta qoymağa başlayırlar. Vegetasiya müddətində 2-3 nəsil verirlər. Xilokorun II yaşlı sürfələri gün ərzində 14-18 ədəd, III yaşlı sürfələri isə 22-24 ədəd çanaqlı yastıca sürfəsini və yetkin fərdlərini  məhv edə bilir. Bir yırtıcı böcək gün ərzində 25-30 ədəd çanaqlı yastıcanı məhv edə bilir.

Təbiətdə bu yırtıcı böcək oleandr çanaqlı yastıcasının məhvində böyük rol oynaya bilmir, çünki həm sürfə, həm də pup mərhələsində yerli faunadan parazitlərlə yoluxur, nəticədə  effektivliyi xeyli aşağı düşür. Laboratoriyada bu böcəkləri də oleandr çanaqlı yastıcası  ilə yoluxdurulmuş kartof yumruları üzərində çoxaltmaq mümkündür.