Mövzunun aktuallığı

Azərbaycan respublikasında kənd təsərrüfatının davamlı və dinamik inkişaf etdirilməsi müstəqil demokratik gənc dövlətimizin irəli sürdüyü əzəmətli proqram əsasında aparılır. Əhalinin artmaqda olan ərzaq mallarına tələbatının ödənilməsi, ölkəmizdə məhsul bolluğu yaradılması uğrunda mübarizə hazırda geniş vüsət almışdır.

Kənd təsərrüfatı bitkilərinə zərər vuran zərərvericilərlə mübarizə aparmadan istehsal olunan məhsulun kəmiyyət və keyfiyyətindən söhbət gedə bilməz. Kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı müxtəlif zəhərli maddələrdən-insektisidlərdən istifadə olunur, bu isə ekologiyanın, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsinə, ekoloji tarazlığın pozulmasına, insan orqanizmi üçün böyük fəsadlara səbəb olan bu kimyəvi preparatların istehsal olunan kənd təsərrüfatı məhsullarında toplanmasına gətirib çıxarır. Nəticədə bu məhsulların istifadəsi insan sağlamlığına böyük zərbə vurur. Bu zəhərli maddələr yetişdirilən kənd təsərrüfatı məhsullarında toplanır, nəticədə insanlar tərəfindən istifadə olunduqda müxtəlif onkoloji, allergik xəstəliklərin yaranmasına və artmasına səbəb olur. Son illərdə bitki zərərvericilərinə qarşı aparılan kütləvi kimyəvi mübarizə nəticəsində ətraf mühit həddindən artıq çirklənmiş, ekoloji tarazlıq pozulmuşdur.     Bu və ya digər zərərvericiyə qarşı müxtəlif zəhərli dərmanlardan istifadə etdikdə müxtəlif faydalı həşəratlar məhv olur,  torpaq zəhərlənir, ətraf mühit çirklənir.

Bitki zərərvericilərindən və xəstəliklərindən bitkilərin qorunması üçün müasir dövrdə inteqrir mübarizə üsuluna böyük üstünlük verilir. İnteqrir mübarizə aqrotexniki, kimyəvi, mexaniki, mikrobioloji və bioloji mübarizə üsullarının vəhdətindən ibarət olub, bu tədbirlərin birgə həyata keçirilməsi deməkdir. İnteqrir mübarizədə bir tədbir digərini inkar etmir, əksinə bu tədbirlər bir-biri ilə əlaqələnir, birinin həyata keçirilməsi digərinin həyata keçirilməsi üçün zəmin yaradır. Qışda – bitkilərin nisbi dərin sükünət fazası dövründə ağaclardan tökülən yarpaqlar, meyvələr, qurumuş budaqlar yığılıb yandırılmasa, cərgələr arası şumlanmasa, ağacların gövdə ətrafı bellənib, alaq otları sahədən təmizlənməsə, heç bir kimyəvi və bioloji mübarizə tədbirləri nəticə verə bilməz. İnteqrir mübarizənin əsasını bioloji mübarizə təşkil edir. Təbiətdə bitki zərərvericilərinin təbii düşmənləri, yəni faydalı parazit və yırtıcı həşəratlar mövcuddur ki, onların köməyindən maksimum faydalanmaq vacibdir və lazımdır. Bioloji mübarizədə bitki zərərvericilərinə qarşı faydalı həşəratların təbii resuslarından istifadə olunur ki, bu da təbiətin və ətraf mühitin çirklənməkdən, müxtəlif kimyəvi maddələrlə zəhərlənməkdən qorunmasına səbəb olur.

Zərərvericilərə qarşı kimyəvi mübarizə apardıqda kimyəvi preparatlardan nəzarətsiz, səmərəsiz istifadə edilir, nəinki zərərvericilər məhv olur, əksinə təbiətdə zərərvericilərin say tənzimində mühüm rol oynayan, onların sayının xeyli azalmasına səbəb olan faydalı entomofaqların sayı xeyli azalır və onların zərərvericilərin say tənzimində  rolu əhəmiyyətli dərəcədə aşağı düşür. Zərərvericilərə qarşı kimyəvi preparatlardan geniş və nəzarətsiz istifadə etdikdə bu nəticəsiz olur, əksinə insektisidlərə davamlı zərərvericilərin yaranmasına və artmasına səbəb olur. Bütün bunları nəzərə alaraq, zərərvericilərə qarşı mübarizədə insektisidlərin istifadəsininn minimuma endirilməsi, faydalı entomofaqlardan istifadənin maksimuma qaldırılması mütləq vacibdir .

Bioloji mübarizə üsulunda bir sıra parazit və yırtıcı həşəratlardan, göbələk və bakteriyalardan istifadə edərək, zərərvericilərinə qarşı mübarizə işlərini müvəffəqiyyətlə həyata keçirmək olar. Bu mübarizədə müasir selektiv preparatlar tətbiq edilir və imkan daxilində çirklənmələrin sayı minimuma endirilir.

Sorucu zərərvericilər, yəni bitkilərin şirəsi ilə qidalananlar böyük bir qrup olub, kənd təsərrüfatı bitkilərinə və park-dekorativ bitkilərinə böyük zərər vururlar. Canaqlı, yalançı çanaqlı bu qrupdan olan zərərvericilərdir. Bu qrupdan olan zərərvericilər bitkilərin şirəsini sorur, yarpaqların vaxtından əvvəl saralıb-solmasına, tökülməsinə, cavan zoqların, budaqların deformasiyasına, əyilməsinə, bitki toxumalarının məhvinə, su və maddələr mübadiləsinin pozulmasına səbəb olurlar. Sorucu zərərvericilər bitkilərin şirəsinin sorduqda toxumaların tamlığını pozmaqla yanaşı yarpaqları cirkləndirir ki, bu da  göbələklərin inkişafına səbəb olur, bitkilərdə fotosintez prosesini pozur, bitkilərin illik artımını xeyli ləngidir, güclü yoluxmada isə onların tamamilə qurumasına gətirib çıxarır. Sorucu zərərvericilərlə yoluxmuş kənd təsərrüfatı bitkilərinin kəmiyyət və keyfiyyəti xeyli aşağı düşür.

Bu zərərvericilər hər il külli miqdarda məhsulun sıradan çıxmasına səbəb olur. Lakin təbiətdə bu zərərvericilərin təbii düşmənləri mövcuddur ki, bunlar zərərvericilərin sayının aşağı düşməsinə gətirib çıxarır. Bu xeyirli entomofaqlardan – parazit və yırtıcı həşəratlardan zərərvericilərə qarşı bioloji mübarizədə istifadə etmək, onların xeyirli əməyindən bəhrələnmək ən vacib məsələlərdəndir. Parazit pərdəqanadlı həşəratlardan olan afelinidlər sorucu zərərvericilərdən olan koksidlərin, mənənələrin, aleyrodidlərin effektiv entomofaqlarıdır. Effektiv bioagent olan  Aphelinus mali qanlı mənənənin sayının tənzimlənməsində mühüm rol oynayır. Tut çanaqlı yastıcasının paraziti olan   Encarsia berlesei bu yastıcanın sayının aşağı düşməsində mühüm rol oynayır. Lakin bitki zərərevericilərinin say tənzimləyicisi olan bu faydalı entomofaqların faunası, ekologiyası, sahib-parazit əlaqələri və eləcə də təsərrüfat əhəmiyyəti lazımınca öyrənilməmişdir. Bu faydalı entomofaqları dərindən öyrənmək, Azərbaycan faunasında mövcud olan bu faydalı entomofaqlarnın növ tərkibini və onların zərərvericilərin say tənzimində rolunu aydınlaşdırmaq ən vacib məsələlərdən biridir.

Bərabərqanadlılardan olan  sorucu  zərərvericilərin – çanaqlı, yalançı çanaqlı yastıcalara qarşı effektiv mübarizə aparmaq üçün onların növ tərkibi, bioekoloji xüsusiyyətləri, həmçinin yerli faunadan olan parazit və yırtıcılarının növ tərkibi aşkar edilməli və onların zərərvericilərin say dinamikasının tənzimlənməsində rolları öyrənilməlidir.

Bu tədqiqatın əsas vəzifəsi Azərbaycanda kənd təsərrüfatı, park-dekorativ bitkilərə zərər verən bərabərqanadlı zərərvericilərin növ tərkibini, onların zərərvurma qabiliyyətini, yayılmasını öyrənmək, bioekoloji xüsusiyyətlərini müəyyənləşdirmək, onların say tənzimində rol oynayan parazit və yırtıcı həşəratların növ tərkibini aydınlaşdırmaq, inteqrir mübarizədə onlardan səmərəli istifadə etmək üçün onların faunasını, sahib – parazit əlaqələrini  öyrənmək, onların zərərvericilərin say tənzimindçə rolunu aydınlaşdırmaq və onlardan bioloji mübarizədə istifadə etməkdır.