Mumlu yapon yalançı çanaqlı yastıcası

 

       Mumlu  yapon  yalançı  çanaqlı  yastıcası - Ceroplastes yaponicus Qreen. meyvə-giləmeyvə, ağac-kol bitkilərinin ən qorxulu zərərvericisidir. Alma, tut, ərik, əzgil, heyva, nar, əncir, göyrus və s. bitkilərin gövdə və zoğları, yarpaqları üzərində yaşayır və olduqca böyük ziyan vurur.
       Bu növ karantin zərərvericisi olub, Azərbaycana Gürcüstandan gəlib çıxmışdır. Bu növ Azərbaycana Gürcüstandan gəlib çıxmışdır. Dişi fərdlər dəyirmi formada olub, qabarıqdır, 3,5-4,0 mm uzunluqda olur. Yalançı çanaqlı yastıca mum qatı ilə örtülüdür. Sitrus bitkilərinə oleandra, adi dəfnəyə, gavalıya, əriyə, badama, almaya, armuda zərər vurur. Yaponiyada yayılmışdır. Keçmiş SSRİ-yə gətirilmə növdür.
       İlk dəfə 1980-ci ildə Göyçayda müəyyənləşdirilmişdir, hal-hazırda respublikamızın hər yerində yayılmışdır.
       Bu yalançı çanaqlı yastıca ildə 1 nəsil verir. Mayalanmış dişi fərdlər qışlayır. Abşeronda və Xaçmazda bu zərərverici mayın axırları, iyunun əvvəllərində yumurta qoyur. Bu zərərveriçinin dişi fərdləri qırmızımtıl-qəhvəyi rəngli yumurtalarını bədənin alt səthinə qoyur. 2000-2500-ə qədər yumurta qoya bilir. Yumurta qoyulduqca bədən qabarıq şəkil alır və onun altı yumurtalarla dolur. İyunun ortalarında yumurtalardan sürfələr çıxır. Bu sürfələr çox xırda olub, qırmızı rənglidir, sərbəst hərəkət edirlər. Bu sürfələr tez bir zamanda cavan zoğlar və yarpaqlar üzərinə keçir, xortumlarını bitkiyə salaraq onların şirəsi ilə qidalanır və oturaq həyat tərzinə keçirlər. II yaşlı sürfələr yarandıqdan sonra erkək və dişi fərdlər bir-birindən fərqlənirlər. Erkək fərdlərin çanaqları ağ rəngli çiçəklərə bənzəyir, əsasən yarpaqların üst səthində damarlar boyu düzülür. Yetkin fərdləri qanadlı olur, onların uçuşu sentyabr ayında baş verir. Dişi fərdlərlə cütləşdikdən 2-3 gün sonra məhv olurlar.
       Dişi fərdlər isə oval formadadır, bədəni mum təbəqə ilə örtülüdür. Cavan fərdlərdə mum təbəqə 8 lövhəcikdən ibarətdir, yetkin fərdlərdə isə bu lövhəciklər qarışır. Dişi fərdlərin buğumlu bığçığı və ayaqları vardır. Artıq payız aylarında mayalanmış dişi fərdlər cavan zoğlar və budaqlar üzərinə keçərək qışlayırlar.
       Bu zərərvericinin I yaşlı sürfələri iyun ayında çıxdığı və bu ayda kütləvi sürfə çıxışı olduğu üçün zərərvericiyə qarşı kimyəvi preparatlardan bu ayda istifadə etmək çox məqsədəuyğundur. Sürfələr kimyəvi preparatlara qarşı çox həssas olurlar və az dozalarda bu zərərverici kütləvi surətdə məhv olur.
       Yırtıcılardan - Chilocorus bipustulatus L., Chilocorus renipustulatus Scriba bu zərərvericinin entomofaqlarıdır. Yapon mumlu yastıcasının vətəni Çin və Yaponiya olduğu üçün və o, Azərbaycana çox yaxın keçmişdə gəldiyi üçün bizdə bu zərərvericinin effektiv entomofaqı yoxdur. Yerli entomofaqlardan Chilocorus bipustulatus Chilocorus renipustulatus bu qorxulu zərərvericini qismən məhv edir.
       Chilocorus renipustulatus – Boçka şəkilli xilokorus. Yastıcalarla qidalanır. Bağlarda yastıcalarla yoluxmuş ağacların üzərində, qovaq ağacının üzərində yaşayır. Qurumuş yarpaqların və ağacların qabıqı altında qışlayır. İldə 2 nəsil verir. I nəsil may-iyun aylarında, II nəsil isə iyul ayının əvvəllərindən başlayır. İsti yay günlərində qismən sükünət dövrü keçirirlər (yay diapauzası). Belə vaxtlarda II nəslin dövrü dəyişir. Narıncı  rəngli yumurtalar qoyurlar. Öz yumurtalarını topa-topa qoyur. 3 dəfə qabıq dəyişir. I, II, III, IV yaşlı sürfələr həm ölçülərinə, həm də rənginə görə müxtəlif olur. Puponu dövrdən sonra pup yaranır.
       Exochomus flavipes Thunb – Sarıayaq exzoxomus.Bu parabüzən quru otların altında qışlayır. Martın sonu aprelin əvvəllərində təbiətdə meydana çıxırlar. Yastıcalarla qidalanırlar. İldə 2 nəsil verirlər.
       Exochomus quadripustulatus L.- 4 ləkəli ekzoxomus. Bu parabüzən çox geniş yayılmış növdür. Ən çox meyvə ağaclarında olan yalançı çanaqlı yastıcalarla qidalanır. Bu böcəklər iyunun sonu, iyulun əvvəllərində müşahidə olunur. Bu dövrdə bu böcəklərin I nəsli inkişaf edir. İsti yay günlərində yarpaqların içərisində yay diapauzasına gedirlər. Yalançı çanaqlı yastıca ilə yoluxmuş ağacların üzərində, qabıqların altında günəşə tərəf hissədə qışlayırlar.

     

     City Zoo

     City Zoo