Oleandr çanaqlı yastıca

Tropik mənşəlidir, hal-hazırda isə dünyanın hər yerində yayılmışdır. Keçmiş SSRİ məkanında Krımın cənub sahillərində, Orta Asiyada, Qafqazda yayılmışdır. İstixana şəraitində isə demək olar ki, hər yerdə yayılmışdır. Müxtəlif istixana və otaq bitkilərinin olduqca ciddi zərərvericisidir. Bu çanaqlı yastıca polifaqdır. B.B.Bazarov, Q.P.Şmelevun yazdığına görə, 89-a qədər bitkinin gövdə, budaq, zoğları, yarpaq və meyvələri üzərində yaşayır. Tədqiqat aparılan zonalarda palma, plyuş, şümşad, zeytun, yukka, asparaqus, legistrum, akasiya, oleandr, adi dəfnə bitkilərinin müxtəlif orqanları üzərində yaşadığı müəyyənləşdirilmişdir. Lənkəran zonasında sitrus bitkiləri üzərində yayılmışdır. Bu çanaqlı yastıca istixana şəratində yetişdirilən və dekorativ məqsədlə istifadə olunan bitkilərə də çox böyük zərər vurur. Oleandr çanaqlı yastıcası ilə yoluxmuş bitkilərin dekorativliyi itir, zəif inkişaf edir, yarpaqlar tez tökülür, bəzən bitkini də vaxtından əvvəl qurudur. Zeytun ağaclarının üzərində yaşayan oleandr çanaqlı yastıcası zeytun meyvələrinə yapışaraq şırımlar yaradır, meyvələr normal inkişaf etmir və vaxtından əvvəl tökülür.

Oleandr çanaqlı yastıcasının çanağı az və ya çox dərəcədə dəyirmidir, yastıdır, nazikdir. Cavan fərdlər də əksərən ağ rənglidir, yaşlılarda açıq qəhvəyi rənglidir, qıraqlar daha açıq rənglidir. Sürfə çanaqcığı sarıdır, çanağın mərkəzində yerləşir. Dişi fərdin çanaqdaxili bədəni açıq-sarı rənglidir. Bədən yumurtavaridir, qabıq zəif surətdə xitinləşmişdir. Erkəyin nimfal çanağı ovaldır, uzunsovdur, ağdır, sürfə çanaqcığı sarımtıl rənglidir.

Çox böyük zərərvurma qabiliyyətinə baxmayaraq bu zərərverici keçmiş SSRİ məkanında çox zəif öyrənilmişdir. Yalnız bəzi müəlliflər onun bioekoloji xüsusiyyətləri haqqında məlumat verir. Oleandr çanaqlı yastıcasının limon bitkisinə çox böyük zərər vurduğu haqqında Z.Hacıbəyli məlumat vermişdir .

Bu zərərvericinin Xaçmaz və Abşeronda biologiyası öyrənilmişdir. Bu zərərverici Abşeron yarımadasında zeytun ağacı üzərində 3 tam nəsil verir. Yalnız yetkin erkək fərdlər istisna olmaqla bu çanaqlı yastıcanın bütün inkişaf mərhələsindəki  fərdləri zərər vurur. Laboratoriyada kartof yumruları üzərində asan çoxalır.

Cavan, yetkin dişi fərdlər, I və II yaşlı sürfələr qışlayır. Zeytun bitkisi üzərində çanaqlı yastıcanın oyanması mart-apreldə başlayır. Aprelin II-III ongünlüyündə  erkək fərdlərin uçuşu baş verir. Dişi fərdlərlə mayalandıqdan sonra erkək fərdlər məhv olur. Bu fərdlər ağız aparatına malik deyildir. 1-2 gün yaşadıqdan sonra məhv olurlar. Qanadlı fərdlərdir. Qanadlar çox yaxşı inkişaf etmişdir, kopulyativ aparat çox uzundur, yaxşı görünür. Təxminən 12-15 gündən sonra ilk yumurta qoyan dişilər yaranır. Oleandr çanaqlı yastıcasının yumurtalarının embrional inkişafı çox azdır, 2-3 gündür.

Mayın əvvəllərində və II ongünlüyündə sürfələr yaranır. Kütləvi sürfə doğumu mayın  II  və III dekadasında baş verir. Sürfələr aktiv hərəkət edir, ətraflara, bığcığa malik olur. Çox qısa müddətli aktiv hərəkətdən sonra çanaqlı yastıcanın “avara sürfələri” bitkinin cavan zoğlarına, yarpaqlarına yapışır, ilkin ağımtıl çanaqla örtülür. Çanaq sürfələrin ifraz etdiyi mum saplardan yaranır. İyunun II dekadasında I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. Bu dövrdə erkək, dişi fərdlər bir-birindən fərqlənir. Erkək fərdlərin çanağı uzunsov, ağımtıl, dişi fərdlərin çanağı isə dəyirmi qismən tünd rəngli olur. Çanaq daxili bədən də bir-birindən fərqlənir. Erkəklərin bədəni uzunsov olub, qırmızı ləkələrlə örtülü olur. Dişi fərdlər dəyirmi sarımtıl bədənə malik olur. İyunun II-III dekadasında  erkəklərin uçuşu baş verir.

İyulun I və II dekadasında II nəslin yumurta qoyan dişiləri yaranır. Oleandr çanaqlı yastıcasının I yaz nəslinin tam inkişafı üçün 55-60 gün tələb olunur.

İyulun I və II dekadasında sürfələr yaranır. Temperatur göstəriciləri yaza nisbətən yüksək olduğu üçün çanaqlı yastıcanın II nəslinin tam inkişafı 50-55 günə tamamlanır. 2002-ci ilin avqustun I ongünlüyündə, 2003-cü ilin iyulun III ongünlüyündə I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. Erkəklərin uçuşu təxminən avqustun II və III dekadasında baş verir. III nəslin yumurta qoyan dişiləri sentyabrın II və III ongünlüyündə yaranır (2002-ci ildə sentyabrın III ongünlüyündə, 2003-cü ildə sentyabrın II ongünlüyündə). Oktyabrın I və II ongünlüyündə I yaşlı fərdələrin II yaşlı fərdlərə çevrilməsi baş verir. Oktyabrın sonunda, noyabrın əvvəllərində II yaşlı sürfələr cavan dişilərə çevrilir. Himfal çanağın altında I yaşlı erkəklər II yaşlı erkəklərə çevrilir.

Xaçmaz rayonunda oleandr bitkisi üzərində çanaqlı yastıcanın biologiyası öyrənilmişdir. Bu  rayonda oleandr çanaqlı yastıcası oleandr bitkisi üzərində 3 nəsil verir. Cavan, yetkin  dişilər,  I və II yaşlı sürfələr qışlayır.