Oleandr çanaqlı yastıca

 

      Oleandr çanaqlı yastıcası (Aspidiotus nerii Bche)hal-hazırda dünyanın hər yerində yayılmışdır.   Tropik mənşəlidir, bu çanaqlı yastıca polifaqdır. 89-a qədər bitkinin gövdə, budaq, zoqları, yarpaq və meyvələri üzərində yaşayır. Tədqiqatlar nəticəsində palma, plyuş, şümşad, zeytun, yukka, asparaqus, legistrum, akasiya, oleandr, zeytun, adi dəfnə bitkilərinin müxtəlif orqanları üzərində yaşadığı müəyyənləşdirilmişdir. Azərbaycanın subtropik meyvələr yetişdirilən Lənkəran-Lerik zonasında sitrus bitkilərinə çox böyuk zərər verir.  
       Bu zərərverici Abşeron yarımadasında zeytun ağacı üzərində 3 tam nəsil verir. Zeytun ağaclarının üzərində yaşayan çanaqlı yastıcası zeytun meyvələrinə yapışaraq şırımlar yaradır, meyvələr normal inkişaf etmir və vaxtından əvvəl tökülür.
       Cavan və dişi fərdlər, I və II yaşlı sürfələr qışlayır. Zeytun bitkisi üzərində çanaqlı yastıcanın oyanması mart-apreldə başlayır. Aprelin II-III ongünlüyündə  erkək fərdlərin uçuşu baş verir. Qanadlı fərdlərdir, qanadlar çox yaxşı inkişaf etmişdir, kopulyativ aparat çox uzundur, yaxşı görünür. Dişi fərdlərlə mayalandıqdan sonra erkək fərdlər məhv olur. Bu fərdlər ağız aparatına malik deyildir. 1-2 gün yaşadıqdan sonra məhv olurlar. Təxminən 12-15 gündən sonra ilk yumurta qoyan dişilər yaranır.  Oleandr çanaqlı yastıcasının yumurtalarının embrional inkişafı  çox  azdır, 2-3 gündür.
       Mayın əvvəllərində sürfələr yaranır. Kütləvi sürfə doğumu mayın  II  və III dekadasında baş verir. Sürfələr aktiv hərəkət edir, ətraflara, bığcığa malik olur. Çox qısa müddətli aktiv hərəkətdən sonra çanaqlı yastıcanın “avara sürfələri” bitkinin cavan zoğlarına, yarpaqlarına yapışır, ilkin ağımtıl çanaqla örtülür. Çanaq sürfələrin ifraz etdiyi mum saplardan yaranır. İyunun II dekadasında I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. Bu dövrdə erkək və dişi fərdlər bir-birindən fərqlənir. Erkək fərdlərin çanağı uzunsov, ağımtıl, dişi fərdlərin çanağı isə dəyirmi qismən tünd rəngli olur. Çanaq daxili bədən də bir-birindən fərqlənir. Erkəklərin bədəni uzunsov olub, qırmızı ləkələrlə örtülü olur. Dişi fərdlər sarımtıl bədənə malik olur. İyunun II-III dekadasında  erkəklərin uçuşu baş verir. Oleandr çanaqlı yastıcasının I nəslinin tam inkişafı üçün 55-60 gün tələb olunur.
       İyulun I və II dekadasında II nəslin yumurta qoyan dişiləri yaranır. İyulun I və II dekadasında sürfələr yaranır. II nəslinin tam inkişafı 50-55 günə tamamlanır. Erkəklərin uçuşu təxminən avqustun II və III dekadasında baş verir. III nəslin yumurta qoyan dişiləri sentyabrın II və III ongünlüyündə yaranır. Oktyabrın I və II ongünlüyündə I yaşlı fərdələrin II yaşlı fərdlərə çevrilməsi baş verir.
       Quba-Xaçmaz bölgəsində oleandr bitkisi üzərində çanaqlı yastıcanın biologiyası öyrənilmişdir. Bu bölgədə oleandr çanaqlı yastıcası oleandr bitkisi üzərində 3 nəsil verir. Cavan dişi fərdlər, I və II yaşlı sürfələr qışlayır.
       Azərbaycanın 2 bölgəsində - Abşeronda və Quba –Xaçmazda kənd təsərrüfatı və park-dekorativ bitkilərə zərər verən oleandr çanaqlı yastıcasının bioekoloji  xüsusiyyətləri  öyrənilmişdir. Abşeron yarımadasında zeytun bitkisi üzərində 3 tam nəsil verir, cavan və dişi fərdlər, I və II yaşlı sürfələr qışlayır. Quba – Xaçmaz bölgəsində oleandr çanaqlı yastıcası oleandr bitkisi üzərində 3 nəsil verir.
        Azərbaycanda çanaqlı yastıcasının say tənzimində böyük rol oynayan olan entomofaqlar müəyyənləşdirilmişdir, yırtıcılardan Rhizobius lophanthae Blaisd., Chilocorus bipustulatus L., parazitlərdən isə  Aphytis chilensis Howard, Aspidiotiphagus citrinus Graw. və Encarsia aurantii (Howard) bu zərərvericinin entomofaqları olduğu aydınlaşdırılmışdır.

     

     City Zoo

     City Zoo