Qızılgül çanaqlı yastıca

Guba –Xacmaz bölgəsində geniş yayılmış qızılgül çanaqlı yastıcasının bəzi bioloji xüsusiyyətləri, zərər vurduğu bitkilər, eləcə də onun say tənzimində böyük rol oynayan parazitlərin növ tərkibi  öyrənilmişdir. Oliqofaq bitki zərərvericisi olan qızılgül çanaqlı yastıcası Azərbaycanın faunası üçün ilk dəfə olaraq göstərilir.

Qızılgül çanaqlı yastıcası – Aulacaspis rosae qızılgül və itburnu kolları üzərində yaşayır. Müəyyən edilmişdir ki, qızılgül çanaqlı yastıcasının yayılması lokal xarakter daşısa da, yayıldığı yerdə qızılgülə çox böyük zərər vurur. Əsasən qızılgül və itburnu kollarının budaq və zoğlarında yayılaraq, bitkilərin şirəsini sorur, bitkilərin yarpaqlarının saralıb-solmasına, tökülməsinə, bitkilərin məhsuldarlığının aşağı düşməsinə və ümumi dekorativ görkəminin pisləşməsinə səbəb olur.

Qızılgül çanaqlı yastıcasının çanağı dəyirmi, yaxud ovaldır, ağ rənglidir. Sürfə çanaqcığı sarı, yaxud narıncı rəngli olur, mərkəzdə, yaxud kənarda yerləşir. Dişinin çanaqdaxili bədəni uzunsovdur, bədənin ön hissəsi arxaya nisbətən genişdir.

Erkəklərin çanaqı uzunsovdur, paralel qıraqlara malikdir. Çanaq ağ rənglidir, sürfə çanaqcığı çanağın ön hissəsində olub, sarımtıl rənglidir. Dişilərin çanaqı 2,5-3,0 mm, erkəklərinki isə 0,8-1,0 mm-dir. Qızılgül çanaqlı yastıcası Avropa dövlətlərində, Asiya, Afrikada, eləcə də Amerikada yayılmışdır.

Keçmiş SSRİ məkanında – Orta Asiya respublikalarında, Zaqafqaziyada, keçmiş SSRİ-nin Avropa hissəsində, Primorye vilayətində və Kuril adalarında yayılmışdır.

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu zərərverici qızılgül üzərində bütün mərhələlərdə – yəni yetkin dişilər və I-II yaşlı sürfə mərhələsində qışlayır. Xüsusən yetkin dişilər və II yaşlı sürfələr qışı salamat keçirirlər. Qışda ölüm faizi cəmi 40% təşkil edir. Əsasən I yaşlı sürfələr (80%-ə qədər) qışda tələf olur.

Sürfələr və dişi fərdlər qızılgülün, itburnu kollarının budaq və zoğları üzərində qışlayır. Yazda orta gündəlik temperatur 12-140C olduqda yastıcalarda oyanma baş verir. Bu II yaşlı sürfələrin və cavan dişilərin yavaş-yavaş böyüməsi ilə müşayiət olunur.

Mayın  I onqünlüyündə erkək fərdlər uçurlar. Erkəklər ağız aparatına malik deyillər, yalnıız 1-2 gün yaşayırlar. Cavan dişilərlə cütləşdikdən sonra erkək fərdlər məhv olurlar. Erkəklərin kütləvi uçuşu 10-15 gün olsa da, bəzi fərdlərin hətta 30-35 gün sonra da uçduğu müşahidə olunur. İlk yumurta qoyan dişi fərdlərə may ayında təsadüf olunur. Mayın II- III ongünlüyündə ilk yumurta qoyan dişilərə təsadüf olunmuşdur. Yumurtalar çanağın arxa tərəfində qoyulur, yumurtalar qoyulduqca çanaqdaxili bədən yığılır, yumurtalar üçün yer açılır. Yumurtalar açıq bənövşəyimtil qəhvəyi rənglidir. Qızılgül çanaqlı yastıca qüzülgül üzərində orta hesabla 84 ədəd (maksimum 102, minimum isə 58 ədəd) yumurta qoyur.

10-12 günlük inkişafdan sonra yumurtadan “avara sürfələrin” çıxışı baş verir. “Avara sürfələr” bığcığa, 1 cüt gözə və ətraflara malikdir, aktiv hərəkət edirlər. “Avara sürfələr” qəhvəyimtil sarı rəngli uzunsov oval formadadır. 1-2 günlük aktiv hərəkətdən sonra sürfələr oturaq həyata keçir, bitki şirəsi ilə qidalanaraq ilkin çanaqla örtülür. İlkin  çanaq ağımtıl, çox şəffaf olur və onun altında yastıcanın bədəni görünür. I yaşlı sürfələr get-gedə inkişaf edir və iyul ayında II yaşlı sürfələrə çevrilir. Bu dövrdə I və II yaşlı sürfələr həm çanaqdaxili bədənləri, həm də çanaqları ilə bir-birindən fərqlənir. Dişilər dəyirmi çanağa, erkəklər isə uzunsov çanaqlara malik olurlar. Erkəklərin çanaqdaxili bədəni də uzunsov olur, ətraflar, qanadlar formalaşır. Təxminən 20-25 günlük inkişafdan sonra erkəklər uçur. Erkəklərin tam inkişafı 50-52 gün çəkir. Kütləvi üçüş dövrü 10-12 gündür. Erkəklərin üçüşü dövründə II yaşlı dişi sürfələr də artıq cavan dişilərə çevrilir.

Erkəklərlə cütləşdikdən 10-15 gün sonra yumurtaqoyan dişilər yaranır, II nəslin inkişafı başlanır. Təxminən 8-10 gün sonra kütləvi yumurta qoyma  baş verir.