Yalançı kaliforniya çanaqlı yastıcası

Yalançı kaliforniya çanaqlı yastıca polifaq bitki zərərvericisi olub, Quba – Xaçmaz zonasında çox geniş yayılmışdır. Bu zərərvericinin dişiləri və sürfələri əksər meyvə ağaclarının və park — dekorativ bitkilərin  üzərində  yaşayır, onların şirəsini sorur, onlara böyük zərər vurur. Zərərverici  alma, armud  gavalı ağaclarına böyük zərər vurur, gilas, gilənar ağaclarını da yoluxdurur. Güclü yoluxmada ağacların yarpaqlarının qurumasına və tökülməsinə, ümumi inkişafın zəifləməsinə, məhsuldarlığın kəskin aşağı düşməsinə, məhsulun keyfiyyətinin azalmasına səbəb olur. Bəzi hallarda çanaqlı yastıca koloniyaları bitkinin üzərini tamamilə örtür, hətta qabıq belə görünmür. Belə hallarda budaqlar, zoğlar quruyur, hətta bitki tamamilə məhv olur. Dekorativ bitkilərdən palıd, qaraqac, qovaq, söyüd ağaclarını yoluxdurur, bəzən çox güclü zərər vurur.

Yalançı kaliforniya çanaqlı yastıcası keçmiş SSRİ məkanında çox geniş yayılmışdır. Leninqrad-Moskva vilayətlərində, Latviya, Moldova, Ukrayna, Türkmənistan və Özbəkistan respublikalarında, Şimali Qafqazda, Xabarovsk və Çita vilayətində, Saxalin və Kuril adalarında, Yakutiyada  yayılmışdır.

Dünyada isə Amerikada (ABŞ və Kanadada), Cənubi Amerikada, Avstraliyada, Avropa dövlətlərində, Asiya dövlətlərindən  İran, Türkiyə, İsraildə, Afrikada (Əlcəzair və Misirdə) yayılmışdır.

Bütün dünyada və keçmiş SSRİ məkanınıda çox geniş yayılmasına baxmayaraq biologiyası az öyrənilmişdir. B.B.Bazarov, Q.P.Smelev Orta Asiyada (Tacikistanda) bu növün bəzi bioekoloji xüsusiyyətləri haqqında məlumat vermişlər. 

Azərbaycanda  bu növün yayılması haqqında  Borxsenius məlumat vermişdir. Lakin bu zəzərvericinin yayılması, zərər vurduğu bitkilər, bioekoloji  xüsusiyyətləri və yerli faunadan olan entomofaqları barəsində heç bir məlumat yoxdur. Azərbaycanda bu zərərverici Quba – Xaçmaz zonasında  ilk  dəfə olaraq bizim tərəfimizdən  tədqiq olunmuşdur .

Quba – Xaçmaz bölgəsində zərərverici nəinki dağətəyində, hətta dağlıq hissələrdə – meşələrdə də yayılmışdır. Bu zərərvericinin  yetkin dişi fərdlərinin  çanağı dəyirmidir, Kaliforniya çanaqlı yastıcasının çanağına oxşayır, lakin sürfə çanaqcıqları mərkəzdə deyil, qıraqda olur. Erkəklərin çanağı rənginə görə dişinin çanağına oxşardır, lakin çanaq uzunsov-oval formadadır, sürfə çanaqcıqları da çanağın  qurtaracağında  yerləşir. Dişinin çanağının rəngi orta hissədə bozumtul qəhvəyi rəngli olur, qırağa getdikcə açıqlaşır, bəzən hətta ağımtıl olur. Mərkəzi hissəsi isə zeytuni – boz rəngli  olur. Dişinin bədəni yumurtavaridir, bədən şəffafdır.

Apardığımız tədqiqatlarla  (2001-2003-cü illər) müəyyənləşdirmişik ki, yalançı kaliforniya çanaqlı yastıcası II yaşlı sürfə mərhələsində qışlayır. II yaşlı sürfələrin  çanağı boz rəngdə olur. Aprel-may aylarında (temperatur 14-160 C) olduqda bu çanaqlı  yastıcada oyanma baş verir. Xaçmaz rayonunda mayın əvvəllərində, Quba rayonunda isə mayın ortalarında II yaşlı sürfələr cavan dişi fərdlərə, erkəklərə çevrilir. Bu dövrdə  erkək  fərdlərin  uçuşu  baş verir. Erkəklər dişilərlə cütləşdikdən sonra məhv olurlar. Mayın sonu, iyunun I ongünlüyündə ilk yumurta qoyan dişilər yaranır. Yumurta qoyma 35-40 gün davam edir və iyulun ortalarına qədər yumurta  qoyulur. Yumurtaların sayı  34-69-a qədərdir (maksimum 80).

Qovaq üzərində 1 dişi fərd orta hesabla 82 ədəd (minimum  55, maksimum 94), alma üzərində isə 68 ədəd (maksimum 74, minimum 48 ədəd) yumurta qoymuşdur (2002-ci ildə).

Yalançı kaliforniya çanaqlı yastıcasının yumurtaları sarımtıl rənglidir, oval formadadır. Yumurtanın embrional inkişafı 10-12 gündür. “Avara sürfələr” iyunda çıxırlar. İyunun II — III-cü ongünlüyündə  bu sürfələrin kütləvi çıxışı baş verir. “Avara sürfələrin” çıxışı bütün iyun ayında və iyulun II-ci ongünlüyünə qədər davam edir. “Avara sürfələr” 2-3 gün sərbəst gəzdikdən sonra oturaq həyata keçir, ətraflar, bığcıqlar itir, mum saplar ifraz olunur və sonradan mum saplardan  çanaq yaranır. Beləliklə, yastıcanın bədəni ilkin sürfə çanağı ilə örtülür. Yastıcanın çanağı əvvəlcə şəffaf, açıq rəngli olur, sonradan tündləşir. Çanaqlı yastıcanın bədəni çanaqdan asanlıqla ayrılır. İyulun sonunda, avqustun I – ci ongünlüyündə I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. II yaşlı  sürfələr aktiv qidalanır və yavaş – yavaş böyüyür. Artıq bu dövrdə erkək və dişi fərdlər bir – birindən fərqlənməyə başlayırlar: erkəklərin çanaqı uzunsov oval olur, dişilərin çanaqı isə dəyirmi formada olur. Bu dövrdə yastıcanın erkək, dişi fərdlərinin çanaqdaxili bədəni də bir – birindən fərqlənməyə başlayır. Dişilərin bədəni oval yumurta formasında olur, erkəklərinki isə uzunsov olur və gözlər, ətraflar, qanaqlar formalaşır.