Sərv çanaqlı yastıca

Sərv çanaqlı yastıcası qaraçöhrə, sərv, tuya və ardıc üzərində inkişaf edərək olduqca böyük zərər vurur. Bu zərərvericinin sürfələri və dişiləri həmişəyaşıl ağacların iynəyarpaqlarında və qozalarında inkişaf edərək, bitkilərin boy artımının azalmasına, yarpaqların saralıb-solmasına, tökülməsinə, dekorativ görkəminin pisləşməsinə, kütləvi yoluxmada isə hətta qurumasına gətirib çıxardır.Məhz buna görə də sərv çanaqlı yastıcasının öyrənilməsi və yerli entomofaqlarının müəyyənləşdirilməsi böyük əhəmiyyətə malikdir.

Sərv çanaqlı yastıcasının mayalanmış dişi fərdləri qışlayır. Dişi fərdlər qəhvəyimtil – sarı rəngli olub, çanağın altında yerləşir. Aprelin II-III ongünlüyündə artıq çanaqlı yastıcalarda oyanma baş verir. Bu dövrdə dişi fərdlərin bədənlərində yavaş-yavaş  yumurta  hüceyrələri formalaşmağa başlayır.

Abşeronda sərv çanaqlı yastıcası mayın I və II ongünlüyündə yumurta qoy-mağa başlayır. Təxminən 6-7 gündən sonra kütləvi yumurtaqoyma başlanır. Yumurtalar çox xırda olub, sarı rənglidir. Yumurtalar dişi fərdlərin çanağının altına qoyulur. Bir fərdin maksimum yumurta sayı 40, minimum isə 25 ədəddir. 5-6 gündən sonra yumurtalardan avara sürfələr çıxır. Onlar sarı yastılanmış oval lövhə şəklində olub, çox hərəkətlidirlər. Bu avara sürfələr 3 cüt ətrafa malik olub, aktiv hərəkət edirlər. Əlverişli yer tapdıqda hərəkətsizləşir və bitki şirəsi ilə qidalanaraq inkişaf etməyə başlayır. Bu sürfələr ətraflarını və bığcığını itirir. Əvvəlcə çanaqla örtülmürlər. Lakin 2-3 gün keçdikdən sonra ilkin ağ çanaqla örtülür. Beləliklə,  I yaş dövründəki sürfələr yaranır. Abşeronda may ayının II dekadasında sərvin qozaları və iynə yarpaqlarına yapışmış çoxlu miqdarda ağ çanaqla örtülmüş I yaş dövründəki sürfələri görmək olur. Abşeronda iyunun I dekadasında II yaş dövrünə keçid başlanır. Bu dövrdə artıq erkək və dişi fərdlər bir-birindən fərqlənməyə başlayır. Erkək sürfələrin çanağı uzunsov olub, ağımtıldır. Dişi sürfələrin çanağının altındakı bədəni sarı rəngli olub dəyirmidir. Erkəklərin bədəni isə uzunsov olub, inkişafın sonrakı dövründə ətraflar, bığcıqlar qanadlar inkişaf edir. Bu dövrün əsas xüsusiyyətləridən biri də odur ki, artıq yetkin ana fərdlərin çanağının altı boş olur, yalnız yumurta qabıqları olur. Çanaqlı yastıcalar bu dövrdə əsasən birinci və ikinci yaş dövründəki sürfələrdən ibarət olur. Dişilər sarı rəngli olur. Artıq iyunun II-III ongünlüyündə erkək fərdlər uçmağa başlayır. Erkəklər qanadlı olub, qəhvəyimtil sarı rənglidir. Ağız aparatı yoxdur, məhz buna görə də 1-2 gün yaşayır. Dişi fərdləri mayaladıqdan sonra məhv olur. Erkəklərin uçuşu təxminən 8-10 gün davam edir. 8-10 gün sonra artıq bəzi dişi fərdlərin yumurtalı-ğında yumurtalar formalaşmağa başlayır. İyun ayının III dekadasının sonunda və iyul ayının I dekadasında artıq II nəslin ilk yumurta qoyan dişi fərdləri yaranır. 3- 4 gün sonra yumurtalardan avara sürfələr çıxır, çanağın altından çıxaraq ətrafa yayılır. Əlverişli yer tapdıqda ətrafları itir, yapışır və ilk çanaqla –ağımtıl çanaqla örtülür.

17-18 günlük inkişafdan sonra I yaş dövründəki sürfələr II yaş dövrünə keçir, II yaş dövrünün sürfə çanağı da I yaş dövrünün sürfə çanağına yapışır. Yuxarıda göstərilən kimi artıq dişi və erkək fərdlər fərqlənməyə başlayır.

II yaş dövrü də təxminən 16-18 gün çəkir. Avqust ayının II ongünlüyündə er-kəklərin uçuşu başlayır. Dişilərlə cütləşdikdən sonra artıq mayalanmış dişi fərdlər yaranır. Avqustun III ongünlüyünnün əvvəllərində ilk yumurta qoyan dişilər yaranır. Beləliklə, III nəsil başlanır. III nəslin erkək fərdləri sentyabrın sonu, oktyabrın əvvəllərinə təsadüf edir. Erkəklərin bu dövrdə uçuşu uzunmüddətlidir, təxminən 20 günə qədər davam edir. Qışda havaların soyuması ilə əlaqədar olaraq, bütün sürfələr məhv olur, yalnız mayalanmış dişi fərdlər qışlayır. Mayalanmış dişi fərdlər yaz-yay aylarındakı fərdlərə nisbətən tünd rəngli olurlar.

Abşeronda bu çanaqlı yastıcanın entomofaqları aşağıdakılardır: Aspidiotiphagus citrinus Graw.,  Aphytis aonidea Mercet və Aphytis mytilaspidis Le Baron, Encarsia  fasciata (Malenetti)yırtıcılar: Chilocorus bipustulatus L., Chilocorus renipustulatus L.

Afelinidlər içərisində ən çox saylı növ Aspidiotiphagus citrinus parazitidir. Daxili parazitdir. Bədəni sarımtıl boz rənglidir. Erkək fərdlər dişilərə nisbətən tünd rənglidir, bığcıqlar daha uzundur. Abşeronda bu parazit ilə yoluxma faizi çox da yüksək deyildir.  İyul ayının I dekadasında 18-20 %-dir.

Aphytis mytilaspidis xarici parazit olub, zərərvericinin say tənzimində ikinci yeri tutur. Parazit mayın II-III ongünlüyündə uçmağa başlayır. Yumurta çanaqlı yastıcanın bədəninə yapışdırılır, yumurtadan çıxan sürfə sahibin bədəni ilə qidalanaraq inkişaf edir. Puplaşma yastıcanın üstündə olur, bel-qarın istiqamətində sıxılmış pupdan yetkin fərdlər yaranır. Yetkin parazit pupdan çıxdıqdan sonra çanaqlı yastıcanın çanağını gəmirir, bu uçuş dəliyindən çölə çıxır. Aphytis aonidea və Encarsian fasciata az saylıdır.