Şaftalı yalançı çanaqlı yastıcası

Şaftalı yalançı çanaqlı yastıcası  gavalı, ərik, badam, üzüm, alma, tut, bəzən isə əncir ağacına zərər vurur. Bəzi dekorativ bitkiləri də yoluxdurur.

Abşeronda xüsusən tut ağacları üzərində kütləvi inkişaf edir. Təbii şəraitdə II yaş sürfə mərhələsində qışlayır. Martın sonu, aprelin əvvəllərində II yaş dövründə olan sürfələrdə oyanma başlanır.

Tut ağacı üzərində şaftalı yalançı çanaqlı yastıcası mayın II-III ongünlüyündə yumurta qoyur. Bu yastıcalar partenogenetik yolla çoxalır. Bu dövrdə yetkin fərdlərin bədəni qabarıq şəkil alır, orta hissəsi çox yuxarı qalxır. Yumurta qoyma dövründə dişi fərdlər ölçücə çox böyüyür, onların altı tamamilə yumurta ilə dolur. Yumurtalar uzunsov sarı rəngli olub, xüsusi ağımtıl rəngli torla bir-birilə əlaqəlidir. Dişi fərdlər bu dövrdə tünd qəhvəyi rəngli, daha doğrusu, qaramtıl-qəhvəyi rəngli olur. Bədən uzunsov olub, çox qabarmış və üstü xitinləşmişdir, çox parlaqdır.

Dişi fərdlər təxminən 5-7 gün ərzində yumurta qoyur. Yumurtanın inkişafı ana fərdin yalançı çanağı altında gedir. Yumurtalar inkişaf etdikcə içərisində qırmızımtıl ləkələr yaranır, onların rəngi yavaş-yavaş qırmızımtıl sarı rəngə boyanır.

İyunun I və II dekadasında yumurtalardan sürfələr çıxır. Bu dövrdə dişilərin əksəriyyətində hələ yumurta olur. Təxminən dişilərin 60-70%-də bədənin altında yalnız yumurta olur. Yumurta dövrü 20-25 gün davam edir. Bu dövrdə ana fərd diri olur, sonra isə ölür.

Sürfələr oval yastı lövhə şəklində olub, şəffaf sarı rənglidir. Bu vaxt 30-40% dişi fərddə artıq bütün yumurtalardan sürfə çıxmışdır. Belə dişi fərdlərin altı yumurta qabığı və sərbəst gəzən sürfələrlə dolu olur. Sürfələr əsasən ağacın yarpaqları üzərinə keçir, xüsusən yarpaqların alt hissəsində cəmləşirlər. Sürfələr yarpağın damarı boyunca daha çox düzülürlər. Belə sürfələr şəffaf sarı rəngli olub, yarpaqların yaşıl fonunda güclə seçilir.

Sürfələr 40-50 gündən sonra II yaş dövrünə keçir, bü dövrdə yastı lövhə şəklində olub, orta hissədə qabarıq yer vardır.

II yaş sürfələri oktyabr ayına qədər yarpaqlar üzərində yaşayır. Havaların soyuması ilə əlaqədar olaraq sürfələr yarpaqlardan budaqlara miqrasiya edir. Bəzən havaların tez soyuması və yarpaqlardan budaqlara miqrasiyanın gecikməsi ilə əlaqədar olaraq, II yaş dövründəki sürfələr qismən məhv olur. Ölüm % ən yüksək I yaş dövründəki sürfələrdə olur.

       Coccophagus lycimnia – II yaş sürfə mərhələsində olan yalançı çanaqlı yastıcanın daxilində sürfə mərhələsində qışlayır. Qışlamış parazitlər mayın II dekadasında uçur. Sahibin II yaş sürfələrini zədələyir, yoluxma  18-24 % təşkil edir. Parazitin əsasən dişi fərdləri uçur. Erkəklər dişilərin II-li parazitidir.

Parazitin puplaşması dövründə sahibin sürfəsi mumiyalaşır, bədənin üst hissəsi qaralır və parlaq olur. Bu əlamətlərə görə kokkofaqusla yoluxmuş sürfələri müəyyənləşdirmək olur. Bir nəslin inkişafı 30-35 gün çəkir. Yetkin parazitlərin uçuşu təxminən 1 aya qədər davam edir.

Bir qədər sonra sahibin populyasiyasında II yaş sürfələr olmur, yalnız yayın sonunda bunlar yaranır. Bu parazit sahibin I yaşlı sürfələrini  və yetkin fərdlərini zədələmir. Məhz buna görə də fasiləsiz inkişaf edə bilmir və qırağa yayılır, əlavə sahib axtarmağa başlayır.

       Coccophagus semicircularis Foerster oliqofaq olub, əsasən II yaş sürfələri zədələyir. Azsaylı olduğu üçün yalançı çanaqlı yastıcanın tənzimində böyük rol oynamır.

       Blastothrix hungarica Erdos  sahibi digərlərinə nisbətən güclü yoluxdurur (30-40%). Çoxsaylıdır, yalançı çanaqlı yastıcanın say tənzimində qismən rol oynayır. MetaphycusdisparMercet – azsaylıdır.

Marietta picta (Andre) – II-li parazit olub, azsaylıdır.
Azərbaycanda bu zərərvericinin say tənzimində aşağıdakı yırtıcı həşaratlar  iştirak edir: Chilocorus bipustulatus L; Adalia bipunctata (L) və Exochomus quadripustulatus L.