Tut çanaqlı yastıca

Apardığımız tədqiqatlar nəticəsində bu zərərvericinin Azərbaycanda yayılması və son illər ərzində ən qorxulu bitki zərərvericisinə çevrilməsi müəyyənləşdirilmişdir.

Polifaqdır, müxtəlif meyvə agaclarına, dekorativ-park və meşə bitkilərinə zərər vurur. N.S.Borxsenius bu çanaqlı yastıcanın 121 cinsdən, 54 fəsilədən olan bitkilərə zərər vurduğu haqqında məlumat verir. A.Ş.Balaşovski zərərvericini klassik polifaq adlandırmışdır. 

Polifaqlıq, çox yüksək yumurta qoyma qabiliyyətinin olması, böyük ekoloji plastikliyi nəticəsində, zərərvericinin müxtəlif ekoloji şəraitə asan uyğunlaşması nəticəsində çanaqlı yastıca çox böyük sürətlə yayılır və yayılma arealı gündən-günə genişlənir. Azərbaycanda bu zərərverici müxtəlif meyvə ağaclarına alma, armud, şaftalı, göyəm, gavalı, gilənar, tut, alça, akasiya ağaclarının budaqlarında, gövdələrində yayılmışdır. Xüsusən tut ağaclarının gövdə və budaqlarında iri koloniyalarla yayılır, çox böyük zərər vurur,  3-4 il ərzində iri ağacların qurumasına gətirib çıxarır.  Sitrus  bitkilərdən limon və naringi üzərində yaşayır,  güclü yoluxmada çox böyük zərər vurur. Dekorativ bitkilərdən Lənkəran akasiyası və söyüdə daha çox zərər vurur.

Hal-hazırda bu zərərverici Lənkəran, Astara, Masallı, Yardımlı rayonlarında, Abşeronun qəsəbə və kəndlərində, Bakı şəhərində, Quba- Xaçmaz bölgəsində  geniş  yayılmışdır. Bu zərərvericinin yaxın gələcəkdə aran rayonlarında və eləcə də Azərbaycanın digər bölgələrində yayılması istisna olunmur. Respublika daxilində karantin tədbirlərin çox zəif olması nəticəsində zərərvericinin Azərbaycanda geniş yayılması labüddür.

Zərərvericinin dişi fərdlərinin çanağı dəyirmi, yaxud ovaldır, ağ və yaxud  bozumtul-ağ rənglidir. 2 sürfə çanaqcığı vardır, bunlar mərkəzdə, yaxud bir qədər çanağın kənarında yerləşir. Sürfə çanaqcıqları açıq və tünd qızılı rəngdədir. Çanaqdaxili bədən geniş oval və yaxud dəyirmidir, sarı yaxud sarımtıl-narıncı rəngdədir.

Erkəklərin nimfal çanağı ağımtıldır, uzunsovdur, 1 sürfə çanaqcığına malikdir ki, bu da çanağın baş tərəfində yerləşir. Yanlarda 2 ədəd uzunsov nov vardır. Sürfə çanağı çox yumşaq olub, içərisində erkək fərdlər inkişaf edir. Yetkin erkək fərdlər qanadlıdır, 3 cüt  ətrafa, bığcığa və gözlərə malikdir. Uzun kopulyativ aparat aydın görünür. Rəngi sarımtıl narıncı rənglidir. Bədənin ölçüsü 0,7-1,0 mm-dir (cinsi orqan bura daxil deyildir). Erkəyin inkişafı nimfal çanağın altında gedir, yetkin halda çanağın altından (arxa tərəfdən) çıxır və uçurlar.

Tut çanaqlı yastıcası – Pseudaulacaspis pentagona (Targioni-Tozzetti) Şərqi Asiya mənşəlidir, vətəni Çin, Koreya, Yaponiya sayılır.  Sonralar bu zərərverici bitkilərlə subtropik iqlimə malik Avropa dövlətlərində yayılmışdır. Hal-hazırda nəinki subtropik iqlimli, eləcə də mötədil iqlimə malik dövlətlərdə də yayılaraq əksər ağac və kolların aqressiv düşməninə çevrilmişdir.

Aralıq dənizi sahili ölkələrdə və Avropada bu növün yayılması və zərər vurması haqqında müxtəlif əsərlərdə məlumat verilmişdir. Bu növün zərərvericiliyi haqqında A.Ş.Balaşovski, E.Malenotti, S.Suire, F.Bennet, B.Smit və L.Monti məlumat vermişdir. Keçmiş SSRİ üçün bu zərərverici heç vaxt böyük problem olmamışdır. N.S.Borxseniusun “Dünyada yayılmış çanaqlı yastıcıların kataloqunda” bu növün dünyada yayılması haqqında məlumat verilmişdir.

Keçmiş SSRİ ərazisində bu çanaqlı yastıca 30-cu illərdə Abxaziya və Acarıstanda tapılmışdır. Güman edilirdi ki, bu zərərli növ Suxumi və onun ətrafında yayılaraq, şaftalı, gilənar, gavalı, alça, alma ağaclarına zərər vurur. Lakin 1986-cı ildə Batumi ətrafında bu zərərvericinin tut ağacları üzərində böyük bir ərazidə yayılması müəyyənləşdirildi. Lakin görülən ciddi tədbirlər nəticəsində zərərvericinin yayılma arealı məhdudlaşdırıldı.

Tədqiqatlarla müəyyən olunmuşdur ki, tut çanaqlı yastıcası Abşeronda  tut  ağacı üzərində  ildə  3 nəsil verir.  Zərərvericinin mayalanmış dişi fərdləri qışlayır. Martın sonundan etibarən yastıcalarda oyanma başlanır. Bədən yavaş-yavaş böyüyür, yumurta hüceyrələr formalaşır.  Mayın I-II ongünlüyündə dişilər yumurta qoymağa başlayır. Yumurtalar oval formadadır, rəngləri müxtəlifdir – açıq sarı, tünd sarı və narıncı rənglidir. Bu yumurtalar ucları ilə bir – birinə yumşaq ağ rəngli mumla yapışaraq zəncirlər əmələ gətirir. Adətən zəncirlərdə yumurtaların sayı 10 – 12 ədəd olur.

Bizim apardıqımız tədqiqatlara görə, 1 dişi fərd şaftalı ağacı üzərində 189-a qədər, tut ağacı üzərində 218-dən 272-ə qədər, söyüd üzərində isə 200-220 ədəd yumurta qoyur.

Yumurta qoyma prosesi təxminən 30-40 gün davam edir. Çanağının altında yumurtalar olan dişi fərdlərə mayın sonuna  qədər təsadüf olunur. Yumurtadan 6-8 günlük inkişafdan sonra “avara sürfələr” çıxır. Birinci nəslin sürfələrinə mayın II ongünlüyündə təsadüf ounur, sürfələrin  kütləvi çıxışı mayın II ongünlüyünün sonunda başlanır. “Avara sürfələr” yastı oval formadadır, aktiv hərəkət edirlər. Gözlərə, ətraflara və bığcığa malik olur. Yumurtanın rəngindən asılı olaraq çıxan “avara sürfələr”  də ağımtıl sarı, sarı və narıncı rəngdə olur. Bu nəticələr ədəbiyyat məlumatları ilə də təsdiq olunur.

Bu sürfələr aktiv hərəkət edir, bir neçə saatdan 1-2 günə qədər aktiv hərəkətdə olurlar. Avara sürfələr bitkinin yeni açılmış pöhrələrinə dırmaşır, bitkinin şirəsini sormaq üçün əlverişli yer axtarırlar. Sonra sürfələr bitkiyə yapışır, ətraflar, bığcıqlar itir, mum saplar ayrılaraq ilkin çanaqcıq yaranır. Dişi fərdlər əsasən bitkinin cavan zoğlarına, yeni pöhrələrinə yapışır, erkək fərdlər isə qismən yaşlı zoğlara, budaqlara yapışır. Ağımtıl sarı rəngli sürfələrin çanaqcığı ağımtıl şəffaf, narıncı rəngli sürfələrin çanaqcığı isə qızılı rəngdə olur. Bəzən bu çanaqlı yastıcalar tamamilə bitkinin zoğ və budaqlarını örtərək bütöv kaloniyalar yaradır ki, bu kaloniyalarda erkək fərdlərin nimfal çanaqları dişilərin üstünü örtərək onların müxtəlif parazitlərlə yoluxmasını çətinləşdirir.

I yaşlı sürfələr 15-18 günlük inkişafdan  sonra II yaşlı sürfələrə çevrilir. Artıq mayın III,  iyunun I ongünlüyündə erkək və dişi fərdlər bir-birindən kəskin fərqlənir.  Bu dövrdə dəyirmi ağ çanaqlı dişi fərdləri və uzunsov, bir tərəfi tamamilə sərbəst ağ çanaqlı erkək fərdləri bir-birindən asan ayırmaq olur. Ümumiyyətlə tut çanaqlı yastıcası yeganə növdür ki, hələ yumurta mərhələsində yumurtalar müxtəlif rəngdə olur: ağımtıl sarı, sarımtıl, sarımtıl narıncı rəngli. Yumurtanın rəngindən asılı olaraq çıxan avara sürfələr də ağımtıl sarı, sarı, narıncı rəngdə olur.

Tut çanaqlı yastıcasında partenogenez çoxalma mümkün deyildir. Erkək fərdlərlə cütləşməyən dişi fərdlər yumurta qoya bilmirlər. Ağımtıl sarı rəngli sürfələrin çanaqcığı ağımtıl şəffaf, narıncı rəngli sürfələrin çanaqcığı isə qızılı rəngdə olur. Beləliklə artıq, I yaşlı sürfələrdə cinsi dimorfizm  aydın  görünür.

İyunun  II – III  ongünlüyündə II yaşlı sürfələr dişi fərdlərə çevrilir. Bu dövrdə erkəklərin uçuşu baş verir. Erkəklərin kütləvi uçuşu 15-20 gün davam edir. Bir qisim erkəklərə 30-35 gündən sonra da təsadüf olunur. Erkək fərdlər ağız aparatına malik olmadığından 2-3 gün yaşayırlar. Bunlar dişilərlə cütləşdikdən sonra məhv olur. Dişilər mayalandıqdan sonra yenidən yumurta qoymağa başlayırlar.

İyunun III ongünlüyü, iyulun I ongünlüyündə II nəslin inkişafı başlanır.  II nəslin yumurta qoyan dişiləri iyunun III ongünlüyündə  yaranır və iyulun ortalarına qədər təsadüf edir. II nəslin erkəkləri avqustun əvvəllərində uçur. İyulun II-III ongünlüyü, avqustun əvvələrində artıq  I və II yaşlı sürfələrdən (70-80%), cavan-yetkin dişilərdən ibarət yastıca koloniyalarına təsadüf olunur.

Avqustun II-III ongünlüyündə III nəslin yumurta qoyan dişiləri yaranır. Erkəklərin uçuşu sentyabrın sonu oktyabrın I yarısında baş verir.

Müxtəlif ekoloji faktorlar “avara sürfələrə” çox böyük təsir göstərir. Temperaturun kəskin aşağı düşməsi, eləcə də yüksəlməsi, külək, yağış və s. nəticəsində avara sürfələr məhv olurlar. Laboratoriyada bu sürfələr 14oC -16 oC temperaturda çıxırlar.

Tut çanaqlı yastıcanın bioekoloji xüsusiyyətlərini daha yaxşı tədqiq etmək üçün onun laboratoriyada kartof yumruları üzərində artırılması metodikası işlənib hazırlanmışdır. Bu məqsədlə üstü hamar kartof yumruları bu yastıca ilə yoluxdurulur. Təbii şəraitdə tut çanaqlı yastıca ilə yoluxmuş bitkinin hər hansı bir hissəsi kəsilir və saxlanılır. Sürfələrin kütləvi çıxışı dövründə kartof yumruları bu çanaqlı yastıca ilə yoluxdurulur. Avara sürflər 1-2 günlük aktiv hərəkətdən sonra kartof yumrularına yapışır. Onların oturaq həyata keçməsini sürətləndirmək məqsədilə kartof yumrularının üzəri məsaməli torla örtülür. Sərbəst gəzən avara sürfələr tez-tez maneələrə rast gəldiyindən kartof yumrularına yapışır, ətraflar, bığcıqlar itir. Tezliklə çanaqlı yastıca sürfələri mum saplar buraxır, ilkin çanaqla örtülür. Ağımtıl sarı, sarımtıl rəngli sürfələrin çanağı ağımtıl rəngli, narıncı rəngli sürfələrin çanağı isə qızılı rəngli olur. 22-24oC temperaturda 15-16 gündən sonra I yaşlı sürflələr II yaşlı sürfələrə çevrilir. Bu dövrdə artıq cinsi dimorfizm daha aydın görünür. Erkək fərdlərin çanağı uzunsov formada olur, bir tərəfi kartof yumurtalarına yapışmış, digər tərəfi isə sərbəst olur. Çoxlu miqdarda ağ mum saplar hər tərəfə yayılmış olur.

Dişi fərdlər uzunsov oval ağımtıl çanağa malik olur ki, qızılı rəngli sürfə çanaqcıqları aydın görünür. Erkək fərdlərin çanağı çox şəffaf olur və çanaqdaxili bədən görünür. Erkəklərdə artıq II yaş dövründə ətraflar, qanadlar, bığcıqlar formalaşır, gözlərin əsası qoyulur. Sürfələr kartof yumrularına yapışdıqdan təxminən 28-30 gün sonra erkək fərdlər uçmağa başlayır. Bu dövrdə II yaşlı dişi sürfələr də dişi fərdlərə çevrilir. Dişi fərdlərin çanağı bu dövrdə açıq ağımtıl narıncı rəngli olur. Dişilərlə cütləşdikdən sonra erkək fərdlər məhv olur. Erkəklər 1-2 gün yaşayırlar.

Erkəklərin tam inkişafı kartof yumruları üzərində təxminən 28-30 günə başa çatır. Erkəklərlə cütləşdikdən 8-10 gün sonra dişi fərdlərin yumurta borularında yumurta hüceyrələri artıq formalaşır, lakin hələ heç bir dişi fərdin çanağının altında yumurtaya təsadüf olunmur. Kartof yumurtalarına yapışdıqdan 45 gün sonra ilk yumurta qoyan dişilər yaranır. Bu fərdlər 2 rəngdə yumurta qoyurlar: sarı rəngli və narıncı rəngli yumurtalar.

Dişi fərdlərin çanaq daxili bədənləri də 2 rəngdə olur: I qrup dişilər-sarımtıl çanaqdaxili bədənə malik olur, II qrup dişilər-narıncı rəngli çanaqdaxili bədənə malik olur. Laboratoriya şəraitində yumurtaların embrional inkişafı çox qısa müddətlidir, temperaturdan asılı olaraq 4-6 gün çəkir.