Yalançı çanaqlı yastıcalar

Yalançı çanaqlı yastıcalar (Homoptera, Coccinea, Lecaniidae) da çanaqlı yastıcalar kimi ağac və kollara olduqca böyük zərər vurur. Bu zərərvericilər də bitkilərin gövdə, budaq və zoğları, bəzən isə yarpaqların üzərində geniş yayılır, onların şirəsi ilə qidalanırlar. Bu zərərvericilərə yoluxmuş bitkilər çox zəifləyir, hətta məhv olurlar.

Yalançı çanaqlı yastıcalar qeyri tam çevrilmə ilə inkişaf edir. Cinsi dimorfizm aydın görünür. Dişi fərdlər yumurta, sürfə mərhələsi (1-ci, 2-ci yaşlı sürfələr) və imaqo-yetkin fərddən ibarət inkişaf dövrü keçir. Erkək fərdlər isə mürəkkəb qeyri-tam çevrilmə yolu ilə inkişaf edir: yumurta, sürfə mərhələsi, 2 nimfal mərhələ və yetkin fərddən ibarət 4 mərhələdə inkişaf edir.

Yalançı çanaqlı yastıcalar 2 tribaya ayrılır – yalançı çanaqlı yastıcalar (Triba Coccini )və pulvinariyalar( Triba Pulvinariya).

Yalançı çanaqlı yastıcalar pulvinariyalardan onunla fərqlənir ki, onlar heç vaxt yumurta kisəsi yaratmırlar. Onlar öz yumurtalarını bədənlərinin altında qoyurlar, bədənin qarın hissəsi yuxarı qalxır və yumurtalar bədənin altında qoyulur. Yumurta qoyulduqdan sonra dişi fərdlər məhv olur. Məhv olmuş dişi fərdin bədəni yalançı çanaq kimi qoyulmuş yumurtaları onlardan sürfə çıxana qədər qoruyur, Pulvinariyalar isə yumurta qoymamışdan əvvəl yumurta kisəsi yaradır, bu kisə ifraz olunmuş mum saplardan yaranır.

Yalançı çanaqlı yastıcaların əksəriyyəti monosiklikdir, yəni yalnız bir nəsil verir. Yalançı çanaqlı yastıcalardan yalnız yumşaq yalançı çanaqlı yastıca (Coccus hesperidum L.) ildə 2 nəsil verir, yəni polisiklik növdür. Akasiya yalançı çanaqlı yastıcası (Parthenolecanium corni Bouche.) isə yem bitkisindən asılı olaraq, ildə ya 1 nəsil, yaxud 2 nəsil verə bilir. Bu yalançı çanaqlı yastıca akasiya ağacı üzərində ildə 2 nəsil verir,  digər bitkilər üzərində, məsələn gavalı üzərində ildə 1 nəsil verir.

Dişi fərdlərin yumurta qoyması orta hesabla 8-10 gündür. Yumurta qoyulduqdan sonra dişi fərdlər məhv olurlar. Yumurtaların inkişafı 20-30 gün davam edir. Lakin yalançı çanaqlı yastıcalardan gavalı yalançı çanaqlı yastıcası (Sphaerolecanium prunastri Fonsc.)  uzun müddət yaşayır (2,5-3 ay) və bu müddət ərzində yumurta qoyur. Bu yalançı çanaqlı yastıcanın yumurtalarında artıq tam formalaşmış sürfələr olur ki, yumurta qoyulandan bir neçə dəqiqə sonra sürfələr çıxır. Bu prosesə «diri bala doğma» da deyilir. Yalançı çanaqlı yastıca (Coccus hesperidum L.və sitrus yalançı çanaqlı yastıcası (Coccus pseudomagnoliarum ) da «diri bala doğmaqla» çoxalır. Yalançı çanaqlı yastıcalarda həm biseksual , yəni 2 cinsli, həm də partenogenetik çoxalma vardır.