Yalançı kaliforniya çanaqlı yastıcası

Bu zərərvericinin dişiləri və surfələri əksər meyvə ağaçlarının və park – dekorativ bitkilərin  uzərində  yaşayır, onların şirəsini sorur və onlara böyük zərər vurur. Zərərverici  alma, armud  gavalı ağaclarına böyük zərər vurur, gilas, gilənar ağaclarını da yoluxdurur. Güglü yoluxmada ağacların yarpaqlarının qurumasına  və tökülməsinə, ümumi inkişafın zəifləməsinə, məhsuldarlığın kəskin aşağı düşməsinə, məhsulun keyfiyyətinin azalmasına səbəb olur. Bəzi hallarda çanaqlı yastıca koloniyaları bitkinin üzərini tamamilə örtür, hətta qabıq belə görünmür. Belə hallarda budaqlar, zoğlar quruyur, hətta bitki tamamilə məhv olur. Dekorativ bitkilərdən palıd, qaraqac, qovaq, söyüd ağaclarını yoluxdurur, bəzən çox güclü zərər vurur.

Dünyada  Amerikada (ABŞ və Kanadada), Cənubi Amerikada, Avstraliyada, Avropa dövlətlərində, Asiya dövlətlərindən  İran, Türkiyə, İsraildə, Afrikada (Əlcəzair və Misirdə) yayılmışdır.  Yalançı kaliforniya çanaqlı yastıcasıkeçmiş SSRİ məkanında çox geniş yayılmışdır. Leninqrad-Moskva vilayətlərində, Latviya, Moldova, Ukrayna, Türkmənistan və Özbəkistan respublikalarında, Şimali Qafqazda, Xabarovsk və Çita vilayətində, Saxalin və Kuril adalarında, Yakutiyada  yayılmışdır.

Bütün dünyada və keçmiş SSRİ məkanınıda  çox geniş yayılmasına baxmayaraq biologiyası az öyrənilmişdir. Primorye vilayətində Çumakova (1953), Moldaviyada V.Taliski (1954) biologiyasını öyrənmişlər, Bazarov B.B, Smelev Q.P. Orta Asiyada (Taçikistanda) bu növün bəzi biolkoloji xüsusiyyətləri haqqında məlumat verir.

Azərbaycanda  bu növün yayılması haqqında  Borxsenius məlumat vermişdir. Ədəbiyyatda bu zəzərvericinin yayılmasi, zərər vurduğu bitkilər, bioekoloji  xüsusiyyətləri və yerli faunadan olan entomofaqları barəsində heç bir məlumat yoxdur. Azərbaycanda bu zərərverici Quba – Xaçmaz zonasında  ilk  dəfə olaraq tədqiq olunmuşdur.

Quba – Xaçmaz zonasında bu zərərverici nəinki dağətəyində, hətta dağlıq hissələrdə – meşələrdə də yayılmışdır. Bu zərərvericinin  yetkin dişi fərdlərinin  çanağı dəyirmidir, kaliforniya çanaqlı yastıcasının çanağına oxşayır, lakin sürfə çanaqcıqları mərkəzdə deyil, qıraqda olur. Erkəklərin çanağı rənginə görə dişinin çanağına oxşardır, lakin çanaq uzunsov-oval formadadır, sürfə çanaqjıqları da çanağın  qurtaracağında  yerləşir. Dişinin çanağının rəngi orta hissədə bozumtul qəhvəyi rəngli olur, qırağa getdikcə açıqlaşır, bəzən hətta ağımtıl olur. Mərkəzi hissəsi isə zeytuni – boz rəngli  olur. Dişinin bədəni yumurtavarıdir, bədən şəffafdır.

Apardığımız tədqiqatlarla  (2001-2003-cü illər) müəyyənləşdirmişik ki, yalançı kaliforniya çanaqlı yastıjası II yaşlı sürfə mərhələsində qışlayır.  II yaşlı sürfələrin  çanağı boz rəngdə  olur. Aprel-may  aylarında (temperatur 14-160 C) olduqda  bu çanaqlı  yastıcada oyanma baş verir. Xaçmaz rayonunda mayın əvvəllərində, Quba rayonunda isə  mayın ortalarında  II yaşlı sürfələr javan  dişi fərdlərə və erkəklərə çevrilir. Bu dövrdə  erkək  fərdlərin  uçuşu  baş verir. Erkəklər dişiləri  mayaladıqdan sonra  məhv olurlar. Mayın sonu, iyunun  I ongünlüyündə  ilk yumurta qoyan  dişilər yaranır. Yumurta qoyma  35-40  gün davam edir  və iyulun ortalarına qədər  yumurta  qoyulur. Yumurta qoyma qabiliyyəti  34-69-a qədərdir (maksimum 80).(1) Qovaq üzərində 1 dişi fərd orta hesabla  82 ədəd (minimum  55, maksimum 94), alma üzərində  isə 68 ədəd (maksimum 74, minimum 48 ədəd) yumurta qoymuşdur (2002-ci ildə).

Yalançı kaliforniya çanaqlı yastıcasının yumurtaları  sarımtıl rənglidir, oval formadadır. Yumurtanın  embrional inkişafı 10-12 gündür. Avara sürfələr iyunda çıxırlar. İyunun II – III-cü ongünlüyündə  bu sürfələrin kütləvi çıxışı baş verir. Avara sürfələrin  çıxışı bütün  iyun  ayında və iyulun  II-ci ongünlüyünə qədər davam edir.

Avara  sürfələr 2-3 gün sərbəst gəzdikdən sonra oturaq  həyata keçir, ətraflar, bığçıqlar itir, mum saplar ifraz olunur və sonradan mum saplardan  çanaq yaranır. Beləliklə, yastıçanın bədəni ilkin sürfə çanağı ilə örtülür. Yastıcanın çanağı əvvəlcə şəffaf, açıq rənğli olur, sonradan tündləşir. Yastıcanın bədəni çanaqdan asanlıqla ayrılır. İyulun sonunda, avqustun I – ci ongünlüyündə I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. II yaşlı  sürfələr aktiv qidalanır və yavaş – yavaş böyüyür. Artıq bu dövrdə erkək və dişi fərdlər bir – birindən fərqlənməyə başlayırlar: erkəklərin çanaqı uzunsov oval olur, dişilərin çanaqı isə dəyirmi formada olur. Bu dövrdə yastıcanın erkək və dişi fərdlərinin çanaqdaxili bədəni də bir – birindən fərqlənməyə başlayır. Dişilərin bədəni oval yumurta formasında olur, erkəklərinki isə uzunsov olur və gözlər, ətraflar, qanaqlar formalaşır.

Quba – Xaçmaz zonasında bu çanaqlı yastıcanın say tənzimində aşağıdakı növlərin rol oynadığı müəyyənləşdirilmişdir: Aphytis proclia, Aphytis mytilaspidis , Archenamus longiclavae, Hispaniella lauri, Coccophagoides similis və ikincili parazit Azotus atomon 

Aphytis proclia xarici parazitdir, yastıcanın yetkin dişilərinin və II yaşlı sürfələrinin üzərində parazitlik edir. Ədəbiyyat məlumatlarına görə, keçmiş SSRİ – nin Avropa hissəsində, Krımda, Qafqazda, Zaqafqaziyada, Orta Asiyada, Primorye vilayətində və Qərbi Avropada yayılmışdır. Bir sıra çanaqlı yastıcaların parazitidir. Yumurta çanaqlı yastıcanın bədəninin üzərində qoyulur. Yazda 8 – 10 günlük inkişafdan sonra yumurtadan parazitin sürfəsi çıxır, sürfə yastıjanın bədəni ilə qidalanır və inkişaf edir. Parazit sonra puplaşır, yastıcanın bədəni üzərində qarın hissəsi çanaqa tərəf olmaqla yerləşir. Parazit tam inkişaf etdikdən  sonra çanağın bir tərəfini gəmirir və bu uçuş dəliyindən xarijə çıxır. Həm erkək, həm də dişi fərdlərin   uçuşu eyni vaxtda baş verir.

Aphytis mytilaspidis xarici parazitdir, II yaşlı sürfələrin və dişi fərdlərin üzərində parazitlik edir. Polifaq parazitdir, əksər çanaqlı yastıcaların entomofaqıdır. Bu parazit keçmiş SSRİ – nin Avropa hissəsində, Krım, Qafqaz, Zaqafqaziya, Orta Asiyada yayılmışdır. Amerikada, Yaponiyada, Hindistan, İraq, Şimali Afrika və Qərbi Avropada yayılmışdır. Quba – Xaçmaz zonasında bu parazit azsaylıdır. Mayın sonunda, iyunun I – ci ongünlüyündə uçurlar. Erkək və dişi fərdlərin say nisbəti təxminən 1:1 – dir.

Archenomus longiclavae – yalançı kaliforniya çanaqlı yastıcasının say tənzimində mühüm rol oynayır. 2001 – 2002 – ci illərdə bu çanaqlı yastıcalardan uçmuş parazitlərin təxminən 54% – ni təşkil edir. Bu parazitlərin I – ci nəsli iyun ayında uçurlar. II – ci nəslin uçuşu iyulun III – cü dekadası və avqustda baş verir. Endoparazitdir, parazit uçduqdan sonra çanaqlı yastıcanın kapsulası qalır. Parazit əvvəlcə yastıcanın qabığını, sonra isə çanaqı gəmirir və uçuş dəliyindən xaricə çıxır.

Hispaniella lauri – çoxsaylıdır, endoparazitdir. Bu parazit keçmiş SSRİ – nin Avropa hissəsində, Qafqaz və Zaqafqaziyada Primorye vilayətində yayılmışdır. Qərbi Avropa dövlətlərində də geniş yayılmışdır. 2001 – 2002–ci illərdə bu zərərvericinin say tənzimləyiciləri içərisində II yeri tutmuşdur, bu zərərverijidən çıxan parazitlərin ümumi sayının 28 – 30% – nı təşkil edir. I nəslin fərdləri iyunun II– III ongünlüyündə, II nəslin fərdləri isə avqustun I –  II ongünlüyündə uçurlar. Həm erkək, həm də dişi fərdlər eyni vaxtda uçurlar.

Coccophagoides similis – azsaylıdır. Həm erkək, həm də dişi fərdlərə təsadüf olunur, zərərverijinin say tənzimində az rol oynayır.

Azotus atomon ikincili parazitdir. Keçmiş SSRi –nin Avropa hissəsində, Zaqafqaziya və Qafqazda, Orta Asiyada yayılmışdır. Şimali Amerika və Qərbi Avropada da qeydə alınmışdır. Archenomus longiclavae, Hispaniella lauri üzərində parazitlik edir. Azsaylıdır. İki cinslidir, erkək və dişi fərdlərin uçuşu eyni vaxtda baş verir.

Beləliklə, Quba – Xaçmaz zonasında zərərvericinin II yaşlı sürfələri qışlayır, ildə bir nəsil verir. Yerli entomofaqlardan altı növ entomofaq onun say tənzimində rol oynayır. Yalnız 2 növ: Archenomus longiclavae və Hispaniella lauri çoxsaylıdır. Bu iki növ parazit zərərvericinin ümumi sayının 30 – 40% -a qədər azalda bilirlər. Hər iki parazit zərərvericinin bir nəsli üzərində iki nəsil verir.