Yumşaq yalançı çanaqlı yastıca

Yumşaq yalançı çanaqlı yastıca – subtropik və tropik bitkilərin yarpaq və budaqları, gövdələri üzərində yaşayır, olduqca böyük zərər vurur. Keçmiş SSRİ ərazisinə qətirilmə növdur. Zaqafqaziya respublikalarında geniş yayılmışdır. İstixana və oranjereyalarda, demək olar ki, dünyanın hər yerində yayılmışdır. İldə 3- 4 nəsil verir.

Entomofaqları aşağıdakılardır – Parazitlər –Coccophagus lycimnia Walker., Coccophagus proximus Yasnoch,Coccophagus semicircularis Forst. (=C.scutellarus Dalman).,  Micropterys flavus Howard.  və Encyrtus lecaniorum Mayr., Yırtıcılar – Chilocorus bipustulatus, Chilocorus renipustulatus, Exochomus quadripustulatus.

Coccophagus lycimnia – əksər yalançı çanaqlı yastıcaların parazitidir. Çoxsaylıdır, ikicinslidir, yalançı çanaqlı yastıcanın II yaşlı sürfələrini zədələyir. Parazit sahibin  II yaşlı sürfələrində sürfə mərhələsində qışlayır.

Bu parazitin yumurtaları uzunsov oval formada olub, ağamtıl rənglidir. Yumurtanın embrional inkişafından sonra çıxan sürfələr uzunsov olub, qismən şəffaf olur. Sürfələr 3 dövrdən keçir, sonuncu dövrdə 3-cü yaşlı sürfələr bir qədər tündləşir. Puplar qara rəngli, bel tərəfdə açıq rəngli olur.

Yumurtanın embrional inkişafı 3-4 gün, sürfə mərhələsi 8-10 gün, pup mərhələsi 6-8 gün olur. Dişi fərdlərin bütövlüklə inkişafı 20-25 günə başa çatır. Mayalanmış dişi fərdlərin qoyduğu yumurtalar mayalanmamış dişi fərdlərin qoyduqu yumurtalara nisbətən böyük olur. Bu yumurtalardan dişi parazitlər inkişaf edir. Parazit sahibin 2-ci yaşlı sürfələrinin bədəninə yumurta qoyduqdan sonra çıxan sürfələr sahibin hemolimfasında əvvəlcə sərbəst olur. Sahibin daxili orqanlarını məhv edir, inkişafın sonunda sahibin bədəni mumiyalaşır. Hər bir fərddə yalnız 1 parazit inkişaf edə bilir.

Parazit puplaşdıqda artıq sahibin bədəni tamamilə mumiyalaşır, üst səthi qaralır və parlaq olur. İlkin yazda parazitlə yoluxmuş yalançı çanaqlı yastıca sürfələrini sağlam sürfələrdən asanlıqla fərqləndirmək olur. Parazitlə zədələnmiş sürfələr sağlam sürfələrə nisbətən tünd rəngli, solğun və daha qabarıq olur. Sağlam sürfələr qəhvəyimtil qırmızı olub, parlaq rənglidir. Abşeronda aprelin III ongünlüyündə parazit puplaşır, 10-15 gün sonra yetkin parazitlər uçur. Yetkin parazitlər ölmüş yalançı çanaqlı yastıca sürfəsinin arxa tərəfini gəmirərək, uçuş dəliyi açır və oradan çıxır.

Sürfə mərhələsində qışlayırlar. Mayalanmamış yumurtalardan erkək fərdlər inkişaf edir. Bu yumurtalar endoparazit növlərin, o cümlədən öz növünün yaşlı sürfələrinin və pupların bədəninin üzərində qoyulur. Belə yumurtalardan çıxan parazitlər ektoparazit kimi inkişaf edir. Erkək fərdlər yalançı çanaqlı yastıcaların 2-ci yaşlı sürfəsində və dişi fərdlərində, eləcə də yastıcalarda inkişaf edən 1-cili parazitlərin üstündə inkişaf edir.

Micropterys flavus Howardparazitinin yumurtaları oval formadadır. Sürfələr uzunsov oval formada olub, baş seqmenti aydın görünür. Sürfə və pupları sarımtıl rəngli olur. Bu parazit ildə bir neçə nəsil verir. Yumşaq yalançı çanaqlı yastıcanın dişi fərdlərində və 2-ci yaşlı sürfələrində inkişaf edir. 2-ci yaşlı sürfələrdə yalnız 1 parazit inkişaf edir, lakin yetkin fərdlərdə parazitin bir neçə fərdi inkişaf edə bilir. Yetkin yumşaq yalançı çanaqlı yastıcanın bədənində inkişaf edən parazitlər sürfə mərhələsində xüsusi kameralar – gözçüklər yaradır və həmin gözçüklərdə puplaşırlar. Adətən 1 dişi fərdin daxilində 3-5 ədəd parazit inkişaf edə bilir. Yetkin parazitlərin hər biri özlərinə məxsus olan uçuş dəliyindən xaricə çıxırlar.

Yetkin dişi fərdlər qışlayırlar. Təbii şəraitdə bu parazitlərə aprelin sonunda may ayında təsadüf olunur. İstixana şəraitində bu parazitlər bütün il ərzində mövcud olur. Bu parazitin dişi fərdləri 30-35 gün yaşayır. Dişi fərdlər sahibin 2-ci yaşlı sürfələrini və dişi fərdlərini zədələyirlər. Dişi fərdlər yalançı çanaqlı yastıcaların bədənini tərk etdikdən sonra sahibin hemolimfazı ilə qidalanmaqa başlayır. Təxminən 5-7 gündən sonra yumurta qoymaqa başlayır. Veqetasiya müddətində 5-6 nəsil verir.

Yırtıcı həşaratlardan Chilocorus bipustulatus və Exochomus quadropustulatus bu yalançı çanaqlı yastıcanın məhvində müəyyən rol oynayır. Yaz-yay aylarında zərərvericinin müxtəlif yaş mərhələsində olan fərdləri bu yırtıcılar tərəfindən məhv edilir.